Omanda keçirilən ənənəvi dəvə gözəllik müsabiqəsində hakimlər gözlənilməz mənzərə ilə qarşılaşıblar. Yarışa qatılan 20 dəvənin xarici görünüşünə süni müdaxilə edildiyi üzə çıxıb. Məlum olub ki, bəzi sahiblər heyvanların dodaqlarını, burunlarını və çənələrini daha "cəlbedici" etmək üçün botoks inyeksiyalarından istifadə ediblər.
Demokrat.az xəbər verir ki, Fars körfəzi ölkələrində bu cür müsabiqələr sadəcə əyləncə deyil, həm də milyonlarla dollar mükafat fondu olan nəhəng sənayedir. Qələbə qazanmaq istəyən bəzi təsərrüfat sahibləri hiyləyə əl ataraq dəvələrin hürgüclərinə silikon vurub, əzələ kütləsini artırmaq üçün isə onlara hormonlar yeridiblər. Lakin aparılan ciddi yoxlamalar nəticəsində bütün bu "gözəllik əməliyyatları" aşkar olunub və həmin heyvanlar müsabiqədən kənarlaşdırılıb.
Təşkilatçılar bu cür halların qarşısını almaqda qərarlı olduqlarını bildiriblər. "Dəvə Klubu" festivalının rəhbərliyi saxtakarlıq edənləri sərt sanksiyaların gözlədiyini bəyan edib.
Qeyd edək ki, bu, regionda ilk belə hadisə deyil. Bir neçə il əvvəl Səudiyyə Ərəbistanında keçirilən oxşar yarışda 40-dan çox dəvə eyni səbəbdən diskvalifikasiya edilmişdi.
İsmayıl Demokrat.az


