İqtisadiyyat Özəl

Azərbaycanda qızılın qiyməti belə tənzimlənir — Sirli mexanizm açıqlandı

Azərbaycanda qızılın qiyməti belə tənzimlənir — Sirli mexanizm açıqlandı

Dünya birjalarında qızılın qiyməti müxtəlif amillərin təsiri ilə daim dəyişir. Beynəlxalq maliyyə bazarlarında ən çox ticarət olunan bu qiymətli metalın dəyəri qlobal tələb-təklif, geosiyasi risklər, inflyasiya və ABŞ dollarının məzənnəsindən birbaşa asılıdır. Lakin qlobal miqyasda baş verən bu dalğalanmaların Azərbaycanın daxili bazarına hansı sürətlə təsir etməsi hər zaman maraq doğuran məsələlərdəndir.

İqtisadçı ekspert Asif İbrahimov mövzu ilə bağlı Demokrat.az-a bildirib ki,dünya birjalarında baş verən dəyişiklikləər, xüsusilə inflyasiya gözləntiləri, geosiyasi risklər və ABŞ dollarının məzənnəsi qızılın dəyərinə birbaşa təsir göstərir.

“Lakin bu dəyişikliklərin Azərbaycan bazarına ötürülməsi eyni sürətlə və eyni həcmdə baş vermir. Bunun əsas səbəbi Azərbaycan qızıl istehsalçısı ölkə olmaqla yanaşı, eyni zamanda bazarda satılan zinət əşyalarının əhəmiyyətli hissəsini idxal hesabına təmin edir. İdxal olunan qızılın qiymətinə yalnız dünya birja qiyməti deyil, həm də valyuta məzənnəsi, daşınma, sığorta, gömrük xərcləri və ticarət marjaları əlavə olunur. Bu isə qlobal qiymət dəyişikliklərinin yerli bazara gecikmə ilə ötürülməsinə səbəb olur”.

Qiymətlərin yerli bazarda dərhal dəyişməməsinin digər səbəbi pərakəndə satışın xüsusiyyətləri ilə əlaqədardır. İqtisadçı bu barədə belə deyib:

“Azərbaycanda qızıl əsasən xammal kimi deyil, zinət əşyası formasında satılır və onun qiymətində ustalıq haqqı, dizayn və satış əlavələri xüsusi paya malikdir. Bu səbəbdən dünya bazarında qızıl ucuzlaşsa belə, hazır məhsulun qiyməti dərhal aşağı düşmür. Bazarda fəaliyyət göstərən satıcılar qızılı əvvəlki qiymətlərlə aldıqları üçün, zərərin qarşısını almaq məqsədilə qiymətləri dərhal aşağı salmağa maraqlı olmurlar. Bu isə qiymətlərin daha “yapışqan” olmasına və dəyişikliklərə gec reaksiya verməsinə gətirib çıxarır. Azərbaycanda qızılın qiyməti birbaşa və ani şəkildə deyil, valyuta məzənnəsi, idxal xərcləri, bazar strukturu və daxili tələb kimi amillərin təsiri altında mərhələli şəkildə formalaşır. Bu səbəbdən qlobal bazarlarda baş verən dəyişikliklərin yerli bazarda tam hiss olunması müəyyən zaman tələb edir”.

Beləliklə, dünya bazarlarında qızıl ucuzlaşsa da, ölkəmizdəki vitrinlərdə bu dəyişikliyi görmək üçün müəyyən müddət gözləmək lazım gəlir.

Demokrat.az

NE
Nihadə Eyyubova