Alüminium folqanın parıldayan və mat tərəfi arasındakı fərq illərdir müxtəlif müzakirələrə səbəb olsa da məsələnin əsl mahiyyəti bəlli olub. Çoxları tərəflərin fərqli funksiyalar daşıdığını düşünsə də reallıq istehsal prosesi ilə bağlıdır.
Demokrat.az xəbər verir ki, folqanın hazırlanması zamanı material o qədər nazilir ki, onun qırılmaması üçün iki qat üst-üstə qoyularaq silindrlərdən keçirilir. Bu proses zamanı silindrlə birbaşa təmasda olan hissə cilalanaraq parıldayır. Digər qatla təmasda olan daxili tərəf isə mat qalır. Yəni bu fərq hər hansı kimyəvi tərkibdən deyil, sadəcə fiziki təmasdan qaynaqlanır.
Mətbəxdə bişirmə zamanı hansı tərəfin istifadə edilməsinin yeməyin dadına və ya bişmə sürətinə nəzərəçarpacaq təsiri yoxdur. Parlaq üzün istini bir qədər çox əks etdirməsi nəzəri cəhətdən doğru olsa da məişət sobalarında bu fərq hiss olunmur. Yeməyin keyfiyyəti folqanın tərəfindən çox, onun qabın ətrafına nə dərəcədə sıx sarılmasından və sobanın hava dövranından asılıdır.
Məhsulun hər iki tərəfi rütubət, işıq və hava keçirməmək baxımından eyni dərəcədə effektivdir. Lakin sağlamlıq baxımından bəzi məqamlara diqqət yetirilməlidir. Yüksək temperaturda limon, tomat və bol duzlu qidaların alüminiumla təması metalın yeməyə keçmə riskini artıra bilər. Ekspert rəylərinə görə turşuluğu yüksək olan yeməkləri bişirərkən folqa əvəzinə şüşə və ya keramika qablardan istifadə etmək daha təhlükəsizdir.
Gündəlik istifadədə parıltıya deyil, folqanın qidanı hava almayacaq şəkildə bükülməsinə diqqət yetirmək kifayətdir.
İsmayıl Demokrat.az


