Şəmkir rayonunda 1983-cü il təvəllüdlü Gədəbəy rayon sakini İlqar sevgi münasibətində olduğu qadının həyat yoldaşı Mahmuda (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 24-də rayonun qəsəbələrindən birində baş verib. İlqar həmin gün saat 12 radələrində Mahmudun yaşadığı evdə onun arvadı Aynurə ilə arasında yaranmış qeyri-rəsmi münasibətlərinin olması səbəbindən sözlə mübahisəsi baş verib. Bu zamanı o, bıçaqla Mahmudun boyun nahiyəsindən bir dələ vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Mahmudu əvvəllər tanımayıb: “Şəmkir rayonuna işləmək məqsədi ilə gəlmişdim. Qalmağa yer axtaranda qəsəbədə yaşayan Aynurə adlı qadın günlük 3 manat olmaqla kirayə ev verdiyini öyrəndim. Mən də həmin qəsəbəyə getdim və Aynurənin evinə gedərək danışdım, günlük 3 manat olmaqla gecələməyə razılaşdım. Bundan sonra onun evində kirayəçi kimi qalmağa başladım. Aynurənin evində kirayədə qalan müddətdə aramızda qeyri-rəsmi münasibət yarandı. Kirayədə qalan zaman ondan soruşdum ki, kimlə ailəlidir və nə üçün mənimlə münasibət saxlayır. O, izah etdi ki, Gədəbəy rayon sakini Mahmud adlı şəxslə uzun ildir münasibət saxlayır. Amma o, yanına çox vaxt gəlib getmir. Qadın Mahmudun evinə gələrsə qovacağını bildirdi. Mən də fikirləşdim ki, elə Aynurənin yanında qalaram, həmdə ona köməklik edərəm. Onun yanında 24 gün qalmağa başladım və mehribancasına dolandıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin oktyabrın 20-də evdə olan zaman Mahmud Aynurəgilə gəlib:
“Bu zaman Aynurə mənə dedi ki, gizlən Mahmud səni görməsin. Mən də ona görsənmədən evdən küçəyə çıxdım. Küçədə olan zaman Aynurəyə zəng edərək gəlib paltarlarımı götürmək istədiyimi bildirdim. Aynurə dedi ki, Mahmudla dalaşaraq onu yola salacaq. Mən də bir qədər gözlədim və qadından xəbər çıxmadı. Oktyabrın 24-də, saat 12 radələrində Aynurəgilə getdim və həmin vaxt Mahmud da evdə olub. Mahmud mənim Aynurə ilə münasibətim barədə haradansa məlumat aldı. Mahmudla həmin vaxt aramızda sözlə mübahisə baş verdi və o, məni nalayiq ifadələr söyməyə başladı. Mahmudla olan sözlə mübahisəmiz davaya çevrildi. Mən stolun üzərində olan bıçağı götürərək Mahmudun boyun nahiyəsindən bir dəfə vurdum. Mənim Mahmudu vurmağımda məqsəd onu qorxutmaq olub. Öldürmək kimi bir niyyətim olmayıb. Həmin vaxt Aynurə aramıza girdi və bizi aralaşdırdı”.
Zərərçəkmiş Mahmudun sözlərinə görə, İlqarı əvvəllər tanımayıb, birinci dəfə idi ki, hadisə vaxtı görüb:
“Aynurə mənim arvadımdır, aramızda rəsmi nikahımız yoxdur. Onunla 10 ildir ki, ailəliyik, uşağımız yoxdur. O, məndən əvvəl ailəli olub, həyat yoldaşı rəhmətə gedib və əvvəlki ərindən bir qız övladı var. Mən Bakı şəhərində fəhlə kimi işləməyə getmişəm. Həmin müddətdə evə gəlməmişəm”.
Mahmud qeyd edib ki, 2024-cü ilin oktyabrın 20-də Bakı şəhərindən Şəmkir rayonunda yerləşən fərdi yaşayış evinə gəlib: “Bakı şəhərində işləyən zaman arvadım Gədəbəy rayon sakini İlqarın bizim evində otaqlarının birində kirayədə qalacağını bildirdi. Mən də buna razılıq verdim. Bakı şəhərindən evə gəlməzdən əvvəl Posanlı qəsəbəsi ərazisində yerləşən adını bilmədiyim şəxsə məxsus obyektdə işləmək üçün danışdım. Hadisə günü saat 6 radələrində Posanlı qəsəbəsində yerləşən adını bilmədiyim şəxsə məxsus obyektdə işləmək üçün getdim. Təxminən bir neçə saat orada usta yoldaşlarım Mahir, Ramil və digər bir nəfərlə iş gördük, evə gedəcəyimi bildirdimr. Həmin gün saat 10 radələrində evə gəldim və arvadım ilə birlikdə hazırlaşaraq Şəmkir rayon “Mərkəzi Bazar”ına getmək üçün evdən çıxdıq. Həmin vaxt İlqar da bizimlə birlikdə evdən çıxdı. Mən yoldaşım ilə birlikdə bazara getdim. Arvadım ilə bazarlıq edərək evə qayıtdıq. Saat 12 radələrində Aynurə ilə evdə olan zaman darvazanın döyüldüyünü eşitdim. Bu vaxt arvadım bildirdi ki, qapını açır, narahat olmayım. Bir neçə saniyə sonra arvadımın ucadan səsini eşitdim. Evdən çölə çıxdım ki, nə baş verdiyini öyrənim. Bu vaxt İlqar mənə bildirdi ki, sən kimsən, Aynurənin yanına gəlmisən. Mən isə onun əri olduğumu dedim və ondan “sən kimsən ki, mənə elə bir söz deyirsən” dedim. Həmin vaxt əsəbi şəkildə paltarının alt hissəsindən bıçağı çıxardı və boynumun arxa hissəsindən bir dəfə bıçaqla vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt boynumu əlim ilə tutdum və onu bıçaqla yenə vurmaq istəyən zaman arvadım araya girdi, bizi aralaşdırdı. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək İlqarı polis şöbəsinə apardılar”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Həmçinin oxu: Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş Tolikə yüksək vəzifə verildi Kartofun yanına niyə alma qoyurlar?
Fariz Məlikli Demokrat.az


