Rəsmi statistikaya görə, Azərbaycanda işsizlik cəmi 5.2 faizdir. Cəmi 279 min nəfər. İqtisadi fəal əhalinin 5 milyondan çox olduğu ölkədə bu göstərici kağız üzərində sabit, səliqəli və “ideal” görünür. Beş faiz. Sanki Avropa göstəricisi. Amma bu rəqəmin arxasına keçəndə suallar başlayır.
Demokrat.az carçı-ya istinadla yazını təqdim edir:
560 min nəfər kimdir?
Dövlət Məşğulluq Agentliyi deyir ki, 560 min nəfər iş axtarır.
Bir tərəfdə 279 min işsiz var. Digər tərəfdə 560 min iş axtaran.
Arada təxminən 280 min nəfərlik “kölgə zonası” var. Bu insanlar kimdir, onlar işsiz deyilmi? Yoxsa statistikada görünməyənlərdir?
200 min nəfərə iş tapılıb – amma haradadır o azalma? Rəsmi məlumatlara görə, 200 min nəfərə iş tapılıb. Əgər ölkədə cəmi 279 min işsiz varsa və onlardan 200 min nəfəri işlə təmin olunubsa, onda işsizlik kəskin azalmalı idi. Amma işsizlik yenə də 5 faizdir. Ötən ay da 5 faiz idi, ötən il də 5 faiz idi.
Metodologiyanın sehrli çubuğu Rəsmi işsiz sayılmaq üçün:
işin olmamalıdır, aktiv şəkildə iş axtarmalısan, dərhal işləməyə hazır olmalısan..
Həftədə 1-2 saat qazanc əldə etdinsə, artıq “məşğul” sayılırsan. Qeyri-rəsmi işləyirsən, - Məşğulsan. Simvolik gəlirli, dayanıqsız fəaliyyət göstərirsən - Yenə məşğulsan.
Beləliklə, rəqəm aşağı qalır. Kağız üzərində hər şey qaydasındadır.
ormal iqtisadiyyata malik ölkələrdə isə işsizlik dalğalanır, böhran olanda artır, investisiya artanda azalır, bazar dəyişəndə oynayır. Buna uyğun olaraq ölkədə makroiqtisadi qaydalar, tənzimləmələr aparılır, inflyasiya nəzarətdə saxlanılır.
Bizdə isə illərdir 5–5.5 faiz arasında “donmuş” vəziyyətdədir. Bu, ya iqtisadi möcüzədir, ya da statistik komfort zonası.
Yeri gəlmişkən, əsas məsələ faiz deyil, problem odur ki, məşğulluğun keyfiyyəti ölçülmür, qeyri-formal əmək genişdir, aşağı gəlirli özünüməşğulluq “uğur” kimi təqdim olunur, inzibati qeydiyyat rəqəmləri ilə real sorğu nəticələri qarışdırılır. Əmək bazarının real vəziyyəti isə faizdən daha mürəkkəbdir.
Yəni, “5% işsizlik” – yaxşı səslənir. Amma bu rəqəm həyat səviyyəsini, gəlir sabitliyini, sosial təhlükəsizliyi və ya əmək bazarının sağlamlığını tam əks etdirmir və beləliklə, nağıl davam edir.
Demokrat.az


