Siyasət Özəl

ABŞ İrana hücum etsə nə baş verər? — AÇIQLAMA

ABŞ İrana hücum etsə nə baş verər? — AÇIQLAMA

BBC-nin təhlilinə görə, ABŞ-nin İrana potensial hərbi müdaxiləsi müxtəlif ssenarilər yaradır. Bu ssenarilər məhdud və hədəflənmiş hücumlardan tutmuş rejim dəyişikliyi, İranın qisas reaksiyası, Hörmüz boğazında enerji böhranı və hətta ölkədə vətəndaş müharibəsinə qədər uzanır. Təhlildə vurğulanır ki, ABŞ-nin məqsədləri proqnozlaşdırıla bilsə də, nəticələr olduqca qeyri-müəyyəndir və regional sabitliyə ciddi təsir göstərə bilər.

Bu barədə politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlama verib. O deyib ki, ABŞ-nin İrana qarşı hazırkı mövqeyi ilk təzyiq cəhdi deyil:

“Hətta ötən ilin iyununda baş vermiş və 12 gün davam edən hərbi qarşıdurma da bu prosesin əvvəlki mərhələlərindən biri idi. Faktiki olaraq həmin dövrdə Amerika və İsrail arasında gizli razılaşma mövcud idi və danışıqlar pərdəsi arxasında İranın siyasi rəhbərliyini zərərsizləşdirməyə çalışırdılar. İsrailin hücumundan sonra təxminən 8 saat ərzində İrandan heç bir rəsmi reaksiya gəlmədi. Hücum nəticəsində günahsız insanlar, alimlər və onların ailə üzvləri həlak oldu. Bu sükut İranda və regionda ciddi şok effekti yaratdı. Yalnız 8 saatdan sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei çıxış edərək bildirdi ki, İsrail və ABŞ çox böyük səhv ediblər və İran bu hücumla barışmayacaq. Onun sözlərinə görə, cavab qaçılmazdır və bu cavab da verildi. Bu prosesdə Amerikanın əsas planı İsraildən bir alət, instrument kimi istifadə etmək idi. Həmin günün axşamı İsrailin baş naziri Benyamin Netanyahu tələsik şəkildə Rusiya prezidenti Vladimir Putinə zəng edərək İran məsələsinin “həll edildiyini”, ölkənin çökmək üzrə olduğunu və artıq regionun “post-İran” mərhələsinin müzakirə edilməli olduğunu bildirmişdi. Lakin hadisələrin gedişi tam fərqli oldu. İsrail cavab aldı və bu cavab nəticəsində Təl-Əviv, Ramat-Qan, Bat-Yam kimi şəhərlərdə ciddi dağıntılar baş verdi, bəzi ərazilər Qəzza zolağını xatırlatmağa başladı. Hazırda ABŞ yenidən oxşar ssenari üzrə hərəkət edir. Donald Tramp açıq şəkildə “vuracağıq” demir, lakin psixoloji təzyiq davam edir. Regionda hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə olunur. Üzən hərbi vasitələr gətirilib, iki aviadaşıyıcı yerləşdirilib, esmineslər və digər hərbi gəmilər bölgəyə yönəldilib. Ancaq İranın real hərbi imkanları fonunda bu vasitələr həlledici hesab edilmir”.

O bildirib ki, İran xüsusilə Fars körfəzində həm müdafiə, həm də hücum baxımından ciddi üstünlüklərə malikdir:

“Üstəlik, rəsmi Tehran artıq açıq şəkildə müdafiə doktrinasından hücum doktrinasına keçdiyini bəyan edib. Bu isə o deməkdir ki, İran zərurət yaranarsa, İsrailə qarşı birinci zərbə endirə bilər. Qarşıdurmanın əsas bəhanəsi İranın guya nüvə proqramıdır. Lakin bu, əvvəllər Venesuelada “narkotik kartelləri” bəhanəsi ilə edilənlərə bənzəyir. Əsl məqsəd enerji resurslarına nəzarətdir. Gələcəyin qlobal konfiqurasiyasını müəyyən edən əsas amillər süni intellekt və enerji daşıyıcıları olacaq. ABŞ Çindən geri qalmamaq üçün maksimum dərəcədə neft mənbələrinə nəzarəti ələ keçirməyə çalışır və İran da bu baxımdan strateji əhəmiyyət daşıyır. Bütün deyilənlərə baxmayaraq, İranda rejim dəyişikliyi olmayacaq, ölkə parçalanmayacaq. Lakin hücum olacağı təqdirdə İran çox ciddi və təsirli cavablar verəcək. Əgər Tramp İranı birbaşa vurmaq qərarı versə, bu, onun siyasi karyerası üçün ciddi problemlər yarada bilər. Xüsusilə oktyabr-noyabr aylarında keçiriləcək seçkilər fonunda bu risk daha da artır. ABŞ ordusunun itkiləri demokratlara impiçment məsələsini gündəmə gətirmək imkanı verə bilər. Bu səbəbdən Trampın birbaşa müharibəyə qoşulacağı ehtimalı azdır. Daha çox əvvəlki ssenarinin təkrarı mümkündür. İsrail hücum edir, cavab alır, ABŞ isə yalnız məhdud zərbələrlə kifayətlənir. Lakin İran artıq açıq şəkildə bildirir ki, bu dəfə cavablar ABŞ-nin hərbi bazalarına və obyektlərinə də yönələ bilər. Region son dərəcə gərgin vəziyyətdədir və böyük siyasi-geosiyasi fırtına gözlənilir. İran açıq şəkildə xəbərdarlıq edib ki, ona hücum olarsa, bu müharibə regional xarakter alacaq. Bu zaman ABŞ qüvvələrinin yerləşdiyi ərəb ölkələrindəki hərbi bazalar, canlı qüvvə və raket sistemləri hədəfə çevrilə bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova