Onkoloq Anar Məmmədov arıqlama iynələrinin onkoloji xəstəliklər yaratması ilə bağlı fikirlərə sərt reaksiya verib. "Astar TV" yutub kanalına müsahibə verən həkim bu preparatların xərçənglə heç bir əlaqəsinin olmadığını bildirib. O, artıq çəkidən əziyyət çəkən onkoloji xəstələrə də bu iynələri vurduğunu qeyd edib.
Demokrat.az xəbər verir ki, həkim arıqlama iynələrinin təhlükəsizliyi və diyetoloqların yanaşması haqqında deyib: “Diyetoloqlar deyir ki, göbəkdən vurulan arıqlama iynələrini vursanız, onkoloji xəstə olacaqsınız. Mən hətta onkoloji xəstələrə də kök olanda bu iynələrdən vururam. Onların onkologiya ilə heç bir əlaqəsi yoxdur. Diyetoloqların dediyi “yarım xiyar, yarım avakado ilə arıqlayaraq” daha böyük risk daşıyır. Bunları vurmağın isə heç bir riski yoxdur”.
Anar Məmmədovun sözlərinə görə, bu dərmanlar orqanizmdəki insulin müqavimətini qıraraq effektiv nəticə göstərir: “Kim məndən o dərmanları soruşursa, həm sağlam adamlara, həm də onkoloji xəstələrə deyirəm ki, vursunlar. O iynələr möcüzədir. Onların tərkibi semaqlutiddir, bədəndə olan insulin dirəncini qırır və insanı çox yaxşı arıqladır”.
Dərmanlardan istifadə zamanı yaranan fəsadlara gəlincə, onkoloq bunun səbəbinin yanlış doza seçimi olduğunu vurğulayıb: “Onlar düzgün istifadə etmirlər. Normalda bu iynələr 0,25-lə başlanılır, sonra 0,5, 0,75 və sair, hər 4 həftədən bir artırılır. Bir də var ki, bir adam istəyir sürətlə arıqlasın. Birdən-birə ən yüksək doza ilə - 15-lə başlayır. Axı bu zaman mədəaltı vəzi zərər görür. Hər şey belədir, yüksək doza ilə başlasanız, zərər görərsiniz”.
Mütəxəssis artıq çəkinin ciddi sağlamlıq problemi olduğunu xatırladaraq, bu üsulun hər kəs üçün əlçatan və rahat olduğunu qeyd edib.
Demokrat.az


