İşdən çıxan şəxslər istifadə etmədikləri bütün məzuniyyət günlərinə görə ödəniş ala biləcəklər. Konstitusiya Məhkəməsi işçilərin maraqlarına xidmət edən mühüm qərar qəbul edib. Yeni qaydaya görə əmək müqaviləsinə xitam verilən zaman həm əsas, həm də əlavə məzuniyyət günlərinin kompensasiyası tam şəkildə ödənilməlidir.
Demokrat.az xəbər verir ki, Millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, qərar Əmək Məcəlləsinin bir neçə maddəsini əhatə edir. Bura ağır iş şəraitində çalışanlar, uşaqlı qadınlar, pedaqoji və elmi fəaliyyətlə məşğul olan şəxslər daxildir. Əvvəllər bəzi hallarda əlavə məzuniyyət günlərinə görə ödənişlərdə qeyri-müəyyənlik yaranırdı. İndi isə fərqli səbəblərdən istifadə olunmayan bütün günlər hesablanaraq işçiyə təqdim olunacaq.
Deputat konkret misal da çəkib. Belə ki, işçinin 50 gün əlavə və 40 gün əsas məzuniyyəti qalıbsa, o işdən ayrılarkən cəmi 90 günün pulunu alacaq. Məsələn, gündəlik məzuniyyət haqqı 50 manat olan şəxsə ümumilikdə 4500 manat kompensasiya veriləcək.
Bu addım işçilərin sosial hüquqlarının qorunması və ödənişlərdə yaranan bərabərsizliyin aradan qaldırılması məqsədi daşıyır. Yeni yanaşma vətəndaşların illər ərzində topladıqları istirahət hüququnun maddi qarşılığını itirməməsini təmin edir.
Demokrat.az


