Sosial şəbəkələrdə "Koti" ləqəbi ilə tanınan Zeynəb Zeynallı barəsində həbs qərarı verilib. Baş Prokurorluğun müraciəti əsasında keçirilən məhkəmə prosesində 25 yaşlı gəncin inzibati məsuliyyətə cəlb edilməsi məqsədəuyğun sayılıb. Buna səbəb tiktokerin öz səhifəsində mütəmadi olaraq nalayiq ifadələr işlətməsi və cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirməsidir.
Demokrat.az xəbər verir ki, iş materiallarına görə, Zeynəb Zeynallı 300 minə yaxın izləyicisi olan hesabında söyüş və təhqirlərdən istifadə edərək xırda xuliqanlıq hərəkətlərinə yol verib. Məhkəmədə dindirilən tiktoker əməllərini etiraf edərək bunu aqressiv xarakteri ilə əlaqələndirib. O, qanunvericiliyə edilən son dəyişikliklərdən, xüsusən də sosial şəbəkələrdəki davranışlarla bağlı yeni maddələrdən xəbərsiz olduğunu iddia edib.
Hakim tiktokerin geniş kütləyə təsir imkanlarını və bu hərəkətlərin sistematik xarakter daşıdığını nəzərə alaraq, onun 8 gün müddətinə həbs edilməsinə qərar verib. Qeyd edək ki, əvvəllər də dəfələrlə cərimələnən Zeynəb Zeynallı üçün bu, ilk həbs qərarıdır. O, elə məhkəmə zalındaca nəzarətə götürülərək təcridxanaya aparılıb.(qafqazinfo)
Demokrat.az


