Son dövrlər bankların digər banklardakı kreditlərin refinans edilməsi ilə bağlı elan etdiyi kampaniyalar cəmiyyətdə müzakirə olunur. Bu təkliflərin müştəri üçün həqiqətən sərfəli olub-olmaması və ya daha çox yeni müştəri cəlb etməyə yönəlmiş strategiya olduğu sual doğurur.
İqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bankların müştərilərə digər banklardakı borcların daşınması ilə bağlı kampaniyaları əsasən müştəri kontingentini artırmaq məqsədilə təşkil olunur:
"Təbii ki, müştərilər bu zaman parametrlərə diqqət yetirməlidirlər. Ola bilər ki, bankın təqdim etdiyi kreditlər üzrə faiz dərəcəsi və ya komissiya daha yüksək olsun. Vətəndaşlar bu fərqləri nəzərə alaraq seçim etməlidirlər. Kreditlərin faiz dərəcələri bir sıra amillərdən, məsələn, müştərinin kredit qaytarma qabiliyyəti, girovun olub-olmaması, əmək haqqının səviyyəsi və s. asılı olaraq dəyişir. Buna görə də, bankların təqdim etdiyi şərtlər bəzən cəlbedici, bəzən isə müştəri üçün əlverişsiz ola bilər".
Ekspert bildirib ki, bəzi hallarda kreditlərin daşınması qərarı müştərinin kredit ödənişində çətinliklərlə üzləşməsi və qaytarma qabiliyyətinin azalması səbəbindən qəbul olunur.
"Təkrar kreditləşmə zamanı kredit restrukturizasiyası aparıla, müddət uzadıla bilər ki, aylıq ödənişlər azalsın və müştərinin ödəmə qabiliyyəti uyğun hala gəlsin. Bu, birbaşa bankın təqdim etdiyi şərtlərdən asılıdır: kredit müddəti, məbləği, faiz və komissiya dərəcəsi dəyişə bilər. Banklar bu kampaniyaları "promotion" məqsədilə istifadə edirlər və daha əlverişli şərtlərlə kreditləşməklə nəticə əldə edə bilirlər. Əlbəttə, bütün şərtlər müştərinin kredit qaytarma qabiliyyətinə uyğun olaraq formalaşır", - o bildirib.
Qeyd edək ki, müştərilər kampaniyalara müraciət etməzdən əvvəl bütün şərtləri diqqətlə nəzərdən keçirməli və yalnız öz kredit qaytarma qabiliyyətlərinə uyğun qərar verməlidirlər.
Əfsanə Kamal Demokrat.az


