Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində 49 yaşlı Rima Gülaliyeva həbs edilib. O, Azərbaycan vətəndaşı olan qadınları xarici ölkələrdə cinsi istismara məruz qoymaqda və insan alverində ittiham olunur.
Demokrat.az xəbər verir ki, istintaq materiallarına görə, R. Gülaliyeva xarici ölkə vətəndaşlarından ibarət transmilli mütəşəkkil dəstə ilə əlaqəyə girib. O, qadınları aldadaraq sərhəddən keçirib və xaricə aparıb. Orada zərərçəkmişlərin pasportları əllərindən alınıb, özləri isə hədə-qorxu yolu ilə nəzarətdə saxlanılaraq cinsi istismara məruz qalıblar.
Cinayət işinin detalları arasında ən diqqətçəkən məqam isə qadınların saxta nikah adı ilə satılmasıdır. Belə ki, R. Gülaliyeva qadınları ailə qurmaq bəhanəsi ilə xarici ölkə vətəndaşı olan kişilərə 6000 və 8000 dollar müqabilində satıb. Daha sonra o, həmin qadınlara toyda verilən qızıl və digər qiymətli əşyaları götürərək qaçmağı tapşırıb.
Hazırda məhkəmənin qərarı ilə R. Gülaliyeva barəsində həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanları mütəşəkkil dəstənin digər üzvlərinin tapılması istiqamətində işləri davam etdirir.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bu növ cinayətlərin qurbanı olan şəxsləri "152" qaynar xəttinə məlumat verməyə çağırıb. Müraciət edənlərin gizliliyinə tam zəmanət verilir.
Demokrat.az


