Sosial

Deputat: “Sual verirsən ki, ay bala, bir evdən iki namizəd nəyə lazımdır?”

Deputat: “Sual verirsən ki, ay bala, bir evdən iki namizəd nəyə lazımdır?”

“V çağırış Milli Məclisin deputatları parlamentin səviyyəsini aşağı salmayıblar. Əksinə, həmin insanlar parlamentin nüfuzunun artırılmasına xidmət ediblər. Bəzi insanlar parlamentdə gedən proseslərdən xəbərdar deyillər, onlar deputatların hansı hüquq və vəzifələrə malik olduqlarından xəbərləri yoxdur. Ona görə də bu cür uydurma, şantaj xarakterli fikirlər irəli sürürlər”.

Demokrat.azxəbər verir ki, bunu Pravda.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, deputatın birinci vəzifəsi qanunvericilik aktlarının hazırlanmasında roludur, digər vəzifə isə seçicilərin arzu və istəklərini parlament səviyyəsində qaldırmaqdır: “Milli Məclisin üzvü ölkəni həm də beynəlxalq aləmdə təmsil edir. Amma köhnə fikirlər adamlar hesab edir ki, deputat seçilibsə, gedib onların hasarını çəkməlidir, qapısında işləməlidir. Milli Məclis deputatlarının fəaliyyətinə Azərbaycan Prezidenti İlham Əliyev yüksək qiymət verib. Beynəlxalq təşkilatlar da parlamentin fəaliyyətini yüksək qiymətləndirib. Ola bilər, Milli Məclisin hansısa deputatının fəaliyyətində fəallıq hiss olunmur, bu, başqa məsələdir. Xalq kimə səs verəcəksə, o da deputat olacaq. Səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı seçkilərə namizəd kimi qatıla bilər. Deputat seçilmək kiminsə xahişi və tələbi ilə mümkün olmur. Amma bəzi şəxslərin deputatlığa namizədliklərini irəli sürmələrinə təəssüflənirəm. Ailəsində söz sahibi deyil, heç onu qonşusu tanımır, amma deputat olmaq istəyir. Sonra da deyir, mənim namizədliyimi niyə qeydə almadılar. İmza toplaya bilmirsənsə, necə olmalıdır? Deputat seçilmək istəyən şəxsin müəyyən fəaliyyəti olmalıdır, cəmiyyətə töhfələr verməlidir. Parlament elə insanlar təmsil olunmalıdır ki, doğrudan da, seçicilərinin arzu və istəklərini çatdıra bilsin. Elə seçki dairəsi var ki, bacı və qardaş deputatlığa namizədliyini irəli sürüb. Sual verirsən ki, ay bala, bir evdən iki namizəd nəyə lazımdır? Deyir, demokratiya deyil? Seçki hüququndan belə sui-istifadə etmək olmaz. Elə adamlar var ki, davranış qaydalarını bilmir, deputatlığa namizəd olur. Sən normal davranış qaydalarını bilmirsənsə, sifətini eybəcər hala salırsansa, parlamentdə necə təmsil oluna bilərsən? Azərbaycan parlamentində savadlı, ağıllı, müasir dünya görüşlü insanlar təmsil olunmalıdır. Milli Məclis oyun meydançası deyil ki, bu gün oynayasan, sabah çıxasan...Parlament düşüncə, savad, ağıl yeridir”.

Demokrat.az

D
demokrat.az