Şamaxı rayonunda 1983-cü il təvəllüdlü Mustafa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sonaya (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 10-da rayonun kəndlərindən birində baş verib. Mustafa həmin gün saat 16 radələrində özünə məxsus fərdi yaşayış evinin yataq otağının qarşısında əlində olan ağac parçası ilə Sonanın bədəninin müxtəlif nahiyyələrinə 5-6 dəfə vurub.
Mustafanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ötən ilin avqustun 29-da Sona ilə ailə həyatı qurub: “Həmin vaxtdan mənə məxsus fərdi yaşayış evində birlikdə yaşamışıq. Ailə həyatı qurduqdan sonra onunla münasibətlərimiz yaxşı olub. Oktyabrın 10-da, səhər saat 9 radələrində Sona ilə birlikdə qayınanamgilə getdik. Daha sonra Şamaxı Regional “Asan Xidmət” Mərkəzinə yollandım. İşlərimi yekunlaşdırdıqdan sonra, günorta saatlarında evə qayıtdıq. Evə daxil olduqdan sonra Sona yataq otağının qapısını açmağa çalışdı. Lakin qapını aça bilmədi. Qapını çətinliklə sındıraraq, açdım. Bundan sonra əsəbli olduğumdan Sona ilə mübahisə etdim və ağac parçasını götürərək onun bədəninə bir neçə dəfə vurdum”.
Zərərçəkmiş Sonanın sözlərinə görə, evdən çıxarkən yataq otağının qapısını açar ilə bağlayıb: “Geri qayıdandan sonra Mustafa digər otaqda olduğu zaman yataq otağının qapısını açmağa çalışdım. Lakin qapını aça bilmədiyim üçün Mustafanı çağırdım. Lakin Mustafa da qapını aça bilmədi. Bunun üçün qapının zamokunu sındırdı və əsəbləşərək, qapının mənim xarab elədiyimi düşündü. Bundan sonra məni nalayiq ifadələrlə təhqir etdi, evin giriş qapısının küncündə olan ağac parçasını götürərək, məni döyməyə başladı. O, ağac parçası ilə kürəyimdən hər iki qolumdan və hər iki ayağımdan ümumilikdə 5-6 dəfə vurdu. Hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim”.
Bu işə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


