Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək video çəkib sosial şəbəkədə paylaşan əcnəbilər Azərbaycandan çıxarılıblar.
Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin əcnəbilər barəsində məhkəmə hökmü ilə tətbiq edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrası məqsədilə həmin şəxslər 18.02.2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinə təhvil verilmiş, eyni gündə onların ölkə hüdudlarından kənara çıxarılması və qanunla müəyyən edilmiş müddətdə ölkəyə girişlərinin məhdudlaşdırılması təmin edilib.
*** 15:42
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad azadlığa buraxılıblar.
Demokrat.azOxu.az-a istinadən xəbər verir ki, onlar cəza müddətləri başa çatdığı üçün bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriliblər.
Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Bakı Apellyasiya Məhkəməsi isə Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, təqsirləndirilən əcnəbilərin cəzasını 2 ildən 6 aya endirib.
Bununla da həmin əcnəbilərin cəza müddəti başa çatıb.


