Hadisə Özəl

Qaxda kişiyə görə qadınlar gözəllik salonunda saçyolduya çıxdılar — TƏFƏRRÜAT

Qaxda kişiyə görə qadınlar gözəllik salonunda saçyolduya çıxdılar — TƏFƏRRÜAT

Qax rayonunda 35 yaşlı qadın ərinin sevgi münasibətində olduğu şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 9-da Qax şəhərində baş verib. 1991-ci il təvəllüdlü Günay gözəllik salonunun içərisində və qarşısında mübahisə yaradıb.Günay həmin salonda müştəri kimi əyləşən Qax şəhər sakini Qənirənin əri Vahid (adlar şərtidir – red.) ilə münasibəti olmasını bəhanə edib, ucadan nalayiq və şəxsiyyəti alçaldan ifadələr işlədib.Bundan sonra ilk öncə qəsdən yumruqla iki dəfə Qənirənin baş nahiyəsinə vurub, sonra saçından yonub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Günayın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Günay ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər ailə quraraq boşanıb, birinci evliliyindən iki övladı var: “Vahidlə ikinci dəfə faktiki olaraq evlənmişəm, rəsmi nikahım yoxdur. Onunla birgə evlilyimdən uşağım var. Məlum hadisədən bir neçə ay əvvəl ərimin Qax şəhər sakini Qənirə adlı qadınla münasibəti olduğunu öyrəndim. Dəfələrlə Qənirəyə və ərimə bu münasibətə son qoymasını dedim. Güc-bəla ilə onları ayırdım. Vahidin Qənirə ilə başqa telefon və başqa nömrə ilə yazışdığını, danışdığını müəyyən etdim. Bu barədə ərimə dedikdə, o etdiklərini etiraf etdi və məndən üzr istədi. Həmçinin Qənirə mənə zəng etdi, məni bıçaqlayacağını və ərimi əlimdən alacağını dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin martın 9-da, saat 14:00-da əri Vahidlə onun avtomobili ilə Qax şəhərində gəzərkən H.Əliyev prospektində yerləşən gözəllik salonunun qarşısında Qənirənin maşınını görüb: “Vahidə maşını saxlamasını desəm də, o, maşını saxlamadı. İşıqforda məcburi dayandığı üçün maşından düşərək həmin salona girdim. Bu zaman oturub növbə gözləyən Qənirənin üstünə hücum çəkdim, başına iki dəfə yumruqla vurdum, saçından yolaraq çölə dartdım. Onu çöldə də döymək istəsəm də, onu çölə darta bilmədim, özüm çölə çıxdım. Qənirənin saçı əlimə gəldi. Saçı yerə ataraq onu döyməyə davam etmək üçün yenidən içəriyə girmək istədim. Bu zaman Qənirə qapını bağladı. Həmin vaxtı qapını açaraq içəriyə girmək üçün nə qədər qapını zorlasam da, qapı açılmadı. Bu zaman onun ünvanına nalayiq söyüşlər söyməyə davam etdim və onu çölə davaya çağırdım”.

Zərərçəkmiş Qənirənin sözlərinə görə, məlum hadisədən bir neçə ay əvvəl adını sonradan öyrəndiyi Vahid adlı şəxs onun arxasınca düşdüyü üçün qohumu Zülfiyyə və qaynanası Tamaraya bu barədə deyib: “Zülfiyyə isə həmin şəxsi taparaq onunla söhbət edib, bir daha məni narahat etməməsini deyib. Martın 9-da, saat 14:00-da Zülfiyyə ilə birlikdə Qax şəhəri, H.Əliyev prospektində yerləşən gözəllik salonuna Samirə adlı saç ustasına saçımı kəsdirməyə getdim. İçəridə oturdum, Zülfiyyə isə işi olduğu üçün getdi. Növbə gözləyən zaman anidən içəriyə girən bir nəfər qadın ünvanıma nalayiq ifadələr işlətdi, arxadan saçımdan tutaraq başıma iki dəfə zərbə vurmağa başladı. Bu zaman həmin şəxsin Günay olduğunu gördüm. O, mənim saçımdan tutaraq çölə çıxartmağa çalışdı. Lakin zorla canımı onun əlindən qurtardım və qapını bağlayaraq Günayın təkrar içəriyə girməsinin qarşısını almaq üçün arxasında dayandım. Günay qapının qarşısında dayandı, qapını zorlayaraq ünvanıma nalayiq söyüşlər söyməyə davam etdi. Bu zaman oraya gələn Günayın əri Vahid onu zorla dartaraq oradan uzaqlaşdırdı”.

Qax Rayon Məhkəməsinin hökmü ilə Günay aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Həmçinin oxu: Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədi Səhvən 20 külçə qızılı zibilliyə atdı 'Əgər evli olmasaydım, yumurtalıqlarımı dondurardım' — FOTOLAR

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova