Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
Demokrat.az "report"a istinadən xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edilib.
FHN rəsmisi bildirib ki, bina taxta konstruksiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub:
"Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub".
*** 13:01
Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
*** 13:00
Səbail rayonu, L. Tolstoy 7 küçəsində baş verən yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb.
Demokrat.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.
Yağında xəsarət alan 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
*** 12:05
Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Demokrat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Demokrat.az


