Siyasət Özəl

“Ramiz Mehdiyevin evindən tapılan pullar ehtiyacı olanlara xərclənsin"

“Ramiz Mehdiyevin evindən tapılan pullar ehtiyacı olanlara xərclənsin

“Ramiz Mehdiyevin evindən tapılan vəsaitlər maaş və ya qanuni gəlir hesabına toplanmış pullar deyil. Yəqin ki, cinayətkar yollarla əldə olunub. Müvafiq qanunlara uyğun olaraq yoxlanılacaq və tapşırıq veriləcək ki, həmin pullar hara və nəyə xərclənsin”.

Bunu Demokrat.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Elman Məmmədov deyib.O bildirib ki, bununla bağlı saytlar və sosial şəbəkələrdə çox gözəl təkliflər verirlər:

“Deyirlər ki, pullar Qarabağa xərclənsin, ehtiyacı olanlara verilsin və s. Təbii ki, bu fikirlər ürəkdən gəlir və buna etiraz etmək olmaz. Hər kəs öz fikrini bildirir. Əgər bu vəsait cinayət yolu ilə, haram yolla qazanılıbsa, indi halal qaydada dövlətin, millətin puludur. Bu vəsait geri qaytarılmalı və ehtiyacı olan təbəqələrə, eləcə də Qarabağdakı bərpa işlərinə xərclənməlidir. Mən bu fikirlərlə tamamilə razıyam. Hazırda müvafiq qurumların və hüquq-mühafizə orqanlarının qanuna uyğun iş aparması önəmlidir. Pul artıq müsadirə olunub və dövlət başçımızın tapşırığı ilə lazım olan yerlərdə xərclənəcəkdir”.

Həmçinin oxu: 'Belə çevriliş və xaos planlarına hətta ermənilərdə belə rast gəlinmir' — Zahid Orucdan Ramiz Mehdiyevin əməllərinə reaksiya 'Bu il sizi soyacaqlar'

Deputat Ramiz Mehdiyevin YAP-dan çıxarılmasını dəstəkləyib:

“Yeni Azərbaycan Partiyası öz sıralarında dövlətə və millətə qarşı cinayətdə, xəyanətdə iştirak edən və ya rəhbərlik edən şəxsin saxlanmasına heç cür yol verməz. Bu məsələyə partiyada kollegial formada baxılacaq və partiya müvafiq qərarı müsbət şəkildə verəcəkdir. Cinayət işi açılmış, cinayətə cəlb olunmuş şəxsi partiya öz sıralarında saxlamayacaq. Bu məsələ birmənalıdır”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Əli Kərimli və bir neçə digər şəxs barəsində cinayət işi ilə bağlı məlumat yayıb. Bildirilib ki, onlar xarici xüsusi xidmət orqanları ilə əlaqədə olaraq hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə şübhəli bilinirlər. İttihama görə, 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” çərçivəsində xaricdən maliyyə və təşkilati dəstək alınıb. Həmin vəsaitlərin kütləvi iğtişaşların təşkili və siyasi sabitliyin pozulmasına yönəldildiyi iddia olunur. Eyni zamanda, bəzi şəxslərin xarici dövlət nümayəndələri ilə gizli danışıqlar apardığı və qarşılıqlı razılaşmalar əldə etdiyi qeyd edilir. Ramiz Mehdiyevin 2025-ci ildə xarici tərəflərə dövlət idarəçiliyi ilə bağlı sənəd göndərdiyi və dövlətə xəyanətdə ittiham olunduğu açıqlanıb. Ona həmçinin cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə vəsaiti leqallaşdırmaq ittihamı verilib.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova