Sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında canlı yayım açaraq izləyicilərdən maddi yardım istəyən şəxslərin sayı artmaqdadır. Son günlər bir qadın istifadəçinin kommunal borclarını bəhanə gətirərək bank kartı məlumatlarını paylaşması cəmiyyətdə birmənalı qarşılanmayıb. İzləyicilər qadının estetik müdaxilələri və xarici görünüşü ilə iddia etdiyi yoxsulluq arasında ziddiyyət olduğunu vurğulayaraq bu vəziyyəti kəskin tənqid ediblər.
Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, onlayn platformalarda könüllü ianə toplamaq birbaşa qadağan edilməsə də, bu prosesin incə məqamları var. Onun sözlərinə görə, əgər bir şəxs özünü bilərəkdən yalandan ehtiyac sahibi kimi qələmə verirsə, burada artıq dələduzluq elementləri axtarıla bilər. Bu növ əməllər isə həm inzibati, həm də cinayət məsuliyyəti yarada biləcək ciddi hüquqi nəticələrə yol açır.
“Əgər vəsait könüllü şəkildə göndərilirsə və burada dələduzluq elementi yoxdursa, bu, hüquqi baxımdan birbaşa cinayət tərkibi yaratmır. Lakin məsələ fəaliyyətin mahiyyətindən asılı olaraq dəyişə bilər. Əgər şəxs özünü həqiqi ehtiyac sahibi kimi təqdim edib insanları bilərəkdən aldadırsa, bu halda dələduzluq əlamətləri yarana bilər. Bu isə artıq inzibati və ya cinayət məsuliyyəti doğura bilər. Mütəmadi şəkildə gəlir əldə olunursa, həmin vəsait vergiyə cəlb edilə bilən gəlir kimi qiymətləndirilə bilər. Qanunvericiliyə görə, davamlı və sistemli gəlir əldə edən şəxslər vergi öhdəliklərini yerinə yetirməlidirlər. Əks halda, vergi orqanları tərəfindən cərimələr tətbiq oluna bilər”.
Bütün bunlar göstərir ki, sosial şəbəkələrdəki “asan qazanc” yolları heç də hər zaman nəzarətdən kənarda qalmır. İnsanların emosiyalarından istifadə edərək gəlir əldə etmək istəyənlər üçün qanunvericilik kifayət qədər sərt çərçivələr cızır. Görünən odur ki, bu növ halların kütləvi hal alması yaxın gələcəkdə həm vergi yoxlamalarının, həm də hüquqi monitorinqlərin daha da sərtləşməsinə səbəb ola bilər.
Leyla Turan Demokrat.az


