Cəmiyyət Özəl

Avtomobil sahiblərinə yeni öhdəlik — Nəqliyyat vasitəsi düzgün qeydiyyata alınmasa…

Avtomobil sahiblərinə yeni öhdəlik — Nəqliyyat vasitəsi düzgün qeydiyyata alınmasa…

Azərbaycanda avtomobil sahiblərinin üzərinə düşən yeni öhdəliklərdən biri duracağa gətirilən və saxlanılan nəqliyyat vasitələri ilə bağlıdır. Artıq avtomobil müəyyən edilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq. Bu isə o deməkdir ki, sahiblər ödənişin vaxtında edilməsinə və nəqliyyat vasitələrinin düzgün qeydiyyata alınmasına məsuliyyət daşıyırlar.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında mövzu ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib. O bildirib ki, əslində bu qayda əvvəllər də qüvvədə idi, lakin son düzəlişlərlə bura çox vacib müddəa əlavə olunub. İndi əgər bir avtomobil qanunsuz şəkildə saxlanılıbsa və ya duracaqda olduğu müddətdə ona hər hansı maddi ziyan dəyibsə, sahibinin həm inzibati qaydada şikayət etmək, həm də məhkəməyə müraciət etmək hüququ rəsmiləşib.

“Əgər nəqliyyat vasitəsi qanunsuz şəkildə saxlanılıbsa və ya düzgün saxlanılmaması nəticəsində ona maddi ziyan dəydibsə, vasitənin sahibi inzibati qaydada şikayət edə və eyni zamanda məhkəməyə müraciət edə bilər”, – deyə ekspert açıqlayıb.

Eldəniz Cəfərov vurğulayıb ki, bu müddəa həm vətəndaşların hüquqlarını qorumaq, həm də hüquqi şəxslərin məsuliyyətini aydınlaşdırmaq məqsədini daşıyır:

“İndi hüquqi şəxslər öz üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirmədikdə, onlara qarşı inzibati və hüquqi tədbirlər görülə bilər. Bu dəyişiklik qanunun tətbiqində şəffaflığı təmin edir və vətəndaşların zərərə görə haqqını qorumaq imkanlarını gücləndirir”, – deyə o əlavə edib.

Beləliklə, artıq cərimə meydançasındakı avtomobillərin saxlanma şəraiti və geri qaytarılma prosesi daha ciddi nəzarət altındadır. Sürücülər hər hansı qanunsuzluq və ya zərər gördükdə susmaq yerinə, hüquqi müstəvidə öz haqlarını tələb edə biləcəklər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova