Avtomobili mühafizə olunan duracağa aparılan sürücülər üçün artıq yeni dövr başlayır və haqsız yerə ödənilən vəsaitlərin taleyinə aydınlıq gətirilir. Milli Məclisdə qəbul edilən yeni qanun dəyişikliyi ilə sürücülərin illərdir şikayət etdiyi bir məsələ kökündən həll olunur.
Demokrat.az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanuna edilən son düzəlişə əsasən, nəqliyyat vasitəsinin duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işə xitam verilərsə, sürücünün çəkdiyi xərclər kompensasiya ediləcək. Bu o deməkdir ki, əgər yol polisi əməkdaşının yazdığı protokol məhkəmə və ya müvafiq qurum tərəfindən ləğv edilərsə, vətəndaş maşını çıxarmaq üçün ödədiyi təxliyə (evakuasiya) və saxlanma pulunu geri ala biləcək. Eyni qayda sürücünün şikayəti təmin edildiyi hallara da şamil olunur.
İndiyədək mövcud olan təcrübədə sürücü sonradan haqlı olduğunu sübut etsə belə, cərimə meydançasına ödənilən məbləği geri almaq demək olar ki, qeyri-mümkün idi. Yeni qaydalar isə dövlət orqanlarının səhvi nəticəsində vətəndaşın maddi ziyana düşməsinin qarşısını alır. Qanun layihəsində qeyd olunur ki, ödənilmiş haqqın qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi mexanizm əsasında həyata keçiriləcək.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə nəqliyyat vasitələrinin duracağa gətirilməsi və orada saxlanılması üçün konkret tariflər mövcuddur. İndi həmin məbləğlərin hansı müddətə və hansı formada (nağd və ya hesaba köçürmə yolu ilə) qaytarılacağı ilə bağlı prosedurlar dəqiqləşdirilir. Bu addım sürücü məsuliyyətini artırmaqla yanaşı, həm də yol polisi əməkdaşlarının qərarlarında daha diqqətli olmasını stimullaşdıracaq.
Demokrat.az


