Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün tərəflərə konkret vaxt çərçivəsi müəyyənləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, rəsmi Vaşinqton builki yayın əvvəlinə qədər münaqişənin dondurulmasını və ya sülh sazişinin imzalanmasını əsas hədəf kimi qarşıya qoyub.
Politoloq Zeynal ƏmrəliyevDemokrat.az-a açıqlamasındadeyib ki, Vaşinqton tərəfindən Ukrayna Prezidentinə verilən mesaj əslində müəyyən qədər təzyiq xarakterli siyasi addımdır:
“Rəsmi Vaşinqton həm Amerikaya, həm də Rusiyaya siqnal verir ki, hazırkı mərhələdə nə tərəflərin danışıqlar masasından qalxmasını, nə də mövcud sülh şərtlərinin köklü şəkildə dəyişdirilməsini istəyir. Yardım dili ilə danışsa da, bu yardımı maksimum səviyyədə artırmaq niyyətində deyil. Məhz buna görə də ABŞ bu cür təhdid və təzyiq siyasətinə üstünlük verir. Tramp administrasiyasının əsas məqsədi mart ayında hər iki tərəfin iştirakı ilə sülh və ya atəşkəs sazişinin imzalanmasıdır. Əgər bu baş verməzsə və müharibənin dayandırılması istiqamətində real addımlar atılmazsa, təzyiq siyasəti davam edəcək. Bu halda Rusiyaya qarşı daha sərt sanksiyalar gündəmə gələ bilər. Ukrayna tərəfi ilə bağlı da müəyyən siyasi və ya iqtisadi məhdudiyyətlər tətbiq olunsun”.
O bildirib ki, hazırkı münaqişədə əsas düyün nöqtəsi Donbass bölgəsidir:
“Rusiya Ukrayna qoşunlarının bu ərazidən çıxarılmasını tələb edir. Əgər Ukrayna bu tələbi yerinə yetirməzsə, Rusiya tərəfi Ukraynanın enerji sektoruna hücumları aktiv şəkildə davam etdirəcəyini bəyan edir. Lakin burada ciddi məqam var ki, hər iki tərəf böyük resurs itkisi ilə üz-üzədir. Biz açıq şəkildə resursların tükənməsini müşahidə edirik. Resurslar azaldıqca tərəflərin bir-birinə qarşı cavab tədbirləri daha da sərtləşir və bu prosesdə ABŞ-ın mövqeyi daha ön plana çıxır. Bu il həm Rusiya, həm də Ukrayna üçün çox çətin keçəcək. Münaqişənin yumşaldılması istiqamətində səylər artsa da, qarşıdurmanın qısa müddətdə tam başa çatacağı real görünmür və proses ilin ortasında da bitməyə bilər”.
Leyla Turan Demokrat.az


