Türkiyədə son günlərdə sosial şəbəkələrdə yayılan yeni trend birmənalı qarşılanmayıb. Qısa müddət ərzində yayılan tendə əsasən qadınların bir-birilərinin həyat yoldaşlarını qucaqlaması, digər bir qadının isə həmin anları videoya çəkməsi əks olunur. Sözügedən görüntülər sosial pltatformalarda sürətlə paylaşılaraq diqqət çəkib.Bəzi istifadəçilər bu davranışı normal dəyərləndirsələr də, cəmiyyətin bir hissəsi bunu ailə institutuna və mənəvi dəyərlərə hörmətsizlik kimi qəbul edir. Müzakirələr fonunda səsləndirilən əsas narahatlıq isə ondan ibarətdir ki, bu cür davranışların getdikcə adiləşdirilməsi əxlaqi sərhədlərin silinməsinə, qəbulolunmaz halların normal kimi təqdim edilməsinə yol açır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, bu kimi trendlərin müəyyən məqsədə xidmət etdiyi açıqdır:
“Təbii ki, bəzi insanlar bunu normal hal kimi qəbul edə bilər. Qərb modelində müəyyən dairələr və çevrələr üçün bu adi qarşılanır. Lakin əslində bu, dolayısı ilə insanların şüurunu bəzi qəbulolunmaz faktlara, proseslərə və ya davranışlara alışdırmaq məqsədi güdən yanaşmadır. Türkiyə Qərblə bizə nisbətən daha sıx əlaqədə olduğu, bu sistemin bir hissəsi sayıldığı üçün Qərb davranışlarının Türkiyənin böyük şəhərlərinə İstanbul, Ankara, İzmir kimi mərkəzlərə daha ciddi təsir göstərməsi müşahidə olunur. Bu səbəbdən də belə trendlərin yayılması təsadüfi deyil. Çünki həm Azərbaycanda, həm də Türkiyədə trendlərin arxasınca gedən, Türkiyədə baş verən hər bir hadisəni müəyyən mənada norma kimi qəbul edən insanlar var. Təbii ki, bu, milli, sivil və siyasi münasibətlərin sıxlığı ilə də bağlıdır. Belə məsələlərdə həssas, diqqətli və mental baxımdan məsuliyyətli davranmaq olduqca vacibdir. Bu həm Türkiyə, həm də Azərbaycan üçün həssas məsələdir. Bu cür trendlərin Azərbaycana daşınması məqsədəuyğun deyil. Açığı, Türkiyə üçün də tövsiyə olunası bir hal deyil. Onlar bu kimi məsələləri öz daxilində həll edirlər, lakin bu məsələlərin Azərbaycana potensial təhdid kimi gətirilməsi xoşagəlməz və arzuolunmazdır. Çünki şəxsi münasibətlərdə müəyyən məhrəmlik anlayışı var. Bu anlayış xüsusilə İslam dəyərlərindən qaynaqlanır”.
O deyib ki, Türkiyə müsəlman ölkəsi olaraq bu dəyərləri ən çox təbliğ edən ölkələrdən biridir:
“Lakin buna baxmayaraq, bəzən Türkiyədə də bu məhrəmlik anlayışının pozulmasına cəhdlər edilir. Hətta bu dini aspekti bir kənara qoysaq belə, insanın dəyərləri çərçivəsində doğmalıq, yaxınlıq və uzaqlıq anlayışları mövcuddur. Bu məsələ halal və haram anlayışları ilə də cəmiyyətdə müəyyən qədər normalaşdırılıb və xüsusi bir dəyər kimi qəbul olunur. İnsan üçün öz həyat yoldaşı onun ən doğma və yaxın insanıdır. Kənar şəxslə bunu müqayisə etmək, bunu trendə çevirmək, hansısa obraz altında təqdim edib əvəzləmə cəhdlərinə yol vermək həm əxlaqi-mənəvi baxımdan, həm də halal-haram çərçivəsində qəbuledilməz və yolverilməzdir. Eyni zamanda bu, etnik və ictimai baxımdan da ciddi qınağa səbəb olacaq bir məsələdir. Bu mövzuda ictimai qınaq kifayət qədər güclü olmalı, insanlar bu cür halların qarşısında susmamalı və geri çəkilməməlidirlər. Mütəxəssislərin üzərinə isə böyük məsuliyyət düşür. Bu məsuliyyət ondan ibarətdir ki, bu cür davranışların qəbuledilməzliyini əsaslandırılmış şəkildə izah etsinlər, dəqiqləşdirsinlər və ictimaiyyətə düzgün formada təqdim etsinlər”.
Leyla Turan Demokrat.az
@turkportal Birbirlerinin eşlerine sarılarak tepkilerini kayıt eden kadınlar o anları sosyal medyada paylaştı... #düğün #aile #dua #kadın #deprem ♬ orijinal ses - TURK Portal


