Şagirdin müəllimi güllələməsi faktı hüquqi və mənəvi baxımdan ağır cinayət kimi qiymətləndirilsə də, sosial şəbəkələrdə fərqli mənzərə yaranıb. Rəylərdə şagirdin tərəfini tutan, hətta hadisəni dolayı yolla əsaslandırmağa çalışan paylaşımlar diqqət çəkir. Bu isə artıq təkcə cinayət hadisəsi deyil, ictimai münasibət və davranış problemi kimi müzakirə olunur. İnternet mühitində yazılan bu cür rəylər qanunvericilik baxımından da məsuliyyət yarada bilər. Mövzu həm hüquqi, həm də mənəvi çərçivədə ciddi təhlil tələb edir.
Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə xırda xuliqanlıqla bağlı əlavə edilib:
"510.2-ci maddəyə görə internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda, ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulur. Buraya əxlaqsız ifadələrin səsləndirilməsi, cinayət məzmunu təsiri yaradan hərəkətlərin edilməsi, eləcə də insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsi daxildir".
Vəkil deyib ki, bu hallara görə 500 manatdan 1000 manata qədər cərimə tətbiq olunur.
"İşin halları və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla, cərimə kifayət hesab edilmədikdə bir ay müddətinə inzibati həbs də tətbiq oluna bilər. Beləliklə, qanunvericilikdə yeni norma müəyyən edilib və bu kimi əməllər inzibati məsuliyyət yaradır", - deyə o bildirib.
Əfsanə Kamal Demokrat.az


