Əlimizdəki köhnə mobil texnologiyalar bəzən düşündüyümüzdən daha qiymətli ola bilər. Çində son günlərdə yayılan video köhnə SIM-kartlara olan baxışı tamamilə dəyişib. Sosial şəbəkələrdə geniş müzakirə olunan görüntülərdə tonlarla SIM-kartdan təmiz qızıl əldə edilməsi əks olunub.
Demokrat.az milli.az-a istinadla bildirir ki, həmin şəxs yığdığı 2 ton SIM-kartdan 191 qram qızıl çıxarmağa nail olub. Bu, ilk baxışda kiçik rəqəm kimi görünsə də, tullantı hesab olunan məhsuldan əldə edilən qazanc çoxlarının marağına səbəb olub. Videonun sürətlə yayılmasından sonra Çində köhnə kartların kütləvi satışı və yığılması prosesi yeni biznes növünə çevrilməyə başlayıb.
Məlumdur ki, elektron avadanlıqların, xüsusən də kontakt nöqtələrinin istehsalında keçiriciliyi artırmaq üçün qızıl qatından istifadə edilir. Lakin bu üsulla zənginləşmək istəyənlərin sayı artsa da, emal prosesinin kifayət qədər mürəkkəb və kimyəvi biliklər tələb etdiyi də unudulmamalıdır. Hələlik bu kütləvi axının digər ölkələrə də keçib-keçməyəcəyi maraq doğurur.
Demokrat.az


