Tanınmış iqtisadçı Peter Şiffin proqnozları maliyyə dünyasında yenidən müzakirə mövzusuna çevrilib. Şiff ABŞ dollarının hegemonluğunun sona çatdığını, 2008-ci il böhranının isə builki iqtisadi sarsıntılar yanında sadəcə "məşq" olduğunu iddia edir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, dolların ucuzlaşması prosesini hazırda ciddi iqtisadi konjuktur müəyyən edir və 2026-cı ildə də bu dinamikanın davam etməsi gözlənilir. Ekspert bildirib ki, xüsusilə iqtisadi mühitin proqnozlaşdırıla bilməməsi bu istiqamətdə rol oynayır:
"ABŞ administrasiyasının həyata keçirdiyi heterodox siyasətlər, Federal Ehtiyat Sistemi rəhbərliyində dəyişikliklər, FED üzərində yaradılan təzyiq və administrasiyanın daha ucuz dollarda maraqlı olması kimi amillər bu prosesi dəstəkləyir".
İqtisadçı qeyd edib ki, beynəlxalq maliyyə institutları 2026-cı il üçün dolların 5-10%, bəzi analitiklər isə 12%-ə qədər ucuzlaşacağını proqnozlaşdırır:
"Bu, Azərbaycan aspektindən baxanda bir sıra təsirlərə malik olacaq. Dolların ucuzlaşması daxili bazarlarda idxal məhsullarının cəlbediciliyini artıra bilər, yəni idxal məhsullarının qiymətləri daha əlverişli görünə bilər. Bununla belə, manatın məzənnəsi dollarla bağlı olduğu üçün bu təsirlərdən tam faydalanmaq mümkün olmayacaq.
Əvəzində, dolların ucuzlaşması fonunda Azərbaycan manatı digər valyutalara, xüsusilə də digər xarici valyutalara qarşı ucuzlaşacaq. Bu, Rusiyadan, Türkiyədən, Avropa Birliyindən və Çindən idxal olunan məhsulların manat ifadəsində daha bahalı olmasına səbəb olacaq. Məzənnə siyasəti nəticəsində dolların ucuzlaşmasının xarici ticarət və istehlakçı üçün üstünlüklər yaratma imkanları məhdudlaşır", - deyə o qeyd edib.
Rəşad Həsənov bildirib ki, qızılın qiymətinə gəlincə, onun ucuzlaşmasının əhəmiyyətli təsiri olmayacaq:
"Çünki Azərbaycan əhalisinin çoxu qızıla investisiya vasitəsi kimi deyil, ziynət əşyası kimi yanaşır. Beləliklə, qiymət dəyişiklikləri yalnız kiçik sosial qruplara təsir edəcək. Qızılın ucuzlaşmasının geniş əhali üçün iqtisadi faydası məhduddur və aşağı gəlirli sosial qruplar üçün əlavə təsir yaratmır".
Onun sözlərinə görə, bununla belə, Neft Fondu son illərdə qızıla ciddi investisiyalar edib və qızılın qiymətindəki dəyişikliklərin strategiya baxımından müəyyən pozitiv təsirləri ola bilər.
Ekspertin fikrincə, dolların ucuzlaşmasının ortaya qoyduğu təsirlərin tam olaraq aradan qaldırılması mümkün deyil və bunun iqtisadi nəticələri həm idxal, həm də valyuta bazarı baxımından məhdud qalacaq.
Qeyd edək ki, dolların ucuzlaşması yalnız idxal və valyuta bazası üçün deyil, həm də ölkənin iqtisadi planlaması və investisiya strategiyaları üçün mühüm əhəmiyyət kəsb edir.
Əfsanə Kamal Demokrat.az


