Milli valyutada olan əmanətlər üzrə sığorta limiti müəyyən edilib. Yeni qərara əsasən, bankların son 6 ayda müştərilərə təklif etdiyi orta faiz dərəcələri təhlil edilib və qorunan əmanətlər üçün yuxarı hədd dəyişdirilməyərək illik 12% səviyyəsində saxlanılıb.
Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli Demokrat.az-a bildirib ki, əsas məqsəd əmanətlərin təhlükəsiz şəkildə banklarda yerləşdirilməsinə nail olmaqdır:
"Əmanətlərin illik 12 faizə qədər sığortalanması o deməkdir ki, vətəndaşlar daha yüksək faizlə əmanət qoyarkən riskləri nəzərə almalıdırlar. Əgər bank 12 faizdən yuxarı əmanət cəlb edərsə və həmin bank müflis olarsa və ya lisenziyası ləğv edilərsə, bu halda 12 faizdən yuxarı olan əmanətlərin bir hissəsi itirilə və ya ümumiyyətlə geri qaytarılmaya bilər".
Onun sözlərinə görə, ən ciddi risk məhz 12 faizdən yuxarı əmanətlərlə bağlıdır:
"Hökumət bu limiti tətbiq etməklə banklar arasında rəqabət mühitini sağlamlaşdırmağa çalışır. Eyni zamanda vətəndaşların əmanətlərini daha rahat və aydın şəkildə banklara yerləşdirməsi hədəflənir. 12 faizdən yuxarı əmanətlərin həcminin nə qədər olacağını artıq banklar özləri müəyyən edəcəklər. 100 min manata qədər və illik 12 faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanacaq və risksiz əmanətlər hesab olunacaq".
Ekspert deyib ki, 100 min manatdan və ya 12 faizdən yuxarı olan əmanətlər isə sığortalanmayan əmanətlər kateqoriyasına daxil olacaq:
"Düşünürəm ki, Azərbaycan banklarının bir çoxunun maliyyə vəziyyətinin həssas olması, likvidlik risklərinin mövcudluğu və son illərdə maliyyə alətlərində yaranan dəyişikliklər bu qanunun bankların nüfuzunun qorunmasına xidmət etdiyini göstərir. Bu baxımdan qanunun qəbulu banklar üçün də kifayət qədər sərfəlidir. 12 faizlik maksimum həddin müəyyən edilməsi bankların əmanət cəlb etmə prosesini də stimullaşdıra bilər".
O qeyd edib ki, 12 faizdən yuxarı faiz dərəcələrində isə bankların nə qədər etibar qazana biləcəyi, hansı səviyyədə güvən formalaşdıracağı və rəqabət mühitində vətəndaşların hansı banklara üstünlük verəcəyi bankların öz siyasətindən asılı olacaq.
"Bu, bankların aparacağı təbliğat və maarifləndirmə kampaniyaları, eləcə də vətəndaşlara verə biləcəyi güvənlə birbaşa bağlıdır. Ümumilikdə isə hesab edirəm ki, qanun kifayət qədər mütərəqqidir və Azərbaycan banklarının əmanət cəlb etmə imkanlarını genişləndirəcək"- deyə ekspert bildirib.
Əfsanə Kamal Demokrat.az


