Şou-biznes Özəl

Əməkdar artistin şəkli "Temu"ya necə gedib çıxdı? — FOTO

Əməkdar artistin şəkli Temuya necə gedib çıxdı? — FOTO

Məşhur alış-veriş platforması "Temu"nun azərbaycanlı sənətçinin görüntülərindən icazəsiz istifadə etməsi böyük qalmaqala səbəb olub.

Demokrat.az xəbər verir ki, Əməkdar artist Nahidə Orucovanın stilist Anar Ağakişiyev tərəfindən illər öncə edilən vizaj dəyişimi fotosu tonal krem reklamında istifadə edilib. Çin şirkətinin aktrisanın "əvvəl və sonra" görüntülərini öz ucuz məhsullarının effekti kimi təqdim etməsi sənətçinin kəskin etirazı ilə qarşılanıb.

Məlum olub ki, sözügedən kadrlar 2018-ci ildə çəkilmiş məşhur dəyişim videosundan götürülüb. Həmin vaxt stilist Anar Ağakişiyev dünya brendlərindən istifadə edərək bu işi ərsəyə gətirsə də, "Temu" platforması fotonu özbaşına götürərək saxta reklam kampaniyasına alət edib. Məsələ ilə bağlı artıq hüquqi prosedurlara başlanılıb və qarşı tərəfə rəsmi müraciət ünvanlanıb.

Əməkdar artist Nahidə Orucova məsələ ilə bağlı medialoq.az-a bildirib: "Bu məsələyə dair vəkillə danışmışam. Mənə xəbər vermədən, hansı ixtiyarla bu şəkil ucuz məhsullarla paylaşılıb? Öz tərəfimdən, mətbuat katibim onlara məktub göndərib. Hələ ki, onlardan cavab yoxdur. O foto illər öncə çəkilib və orada Anar bəy öz məhsullarından istifadə edib. Anarın bütün məhsulları brenddir. Lakin onlar, öz ucuz məhsullarını mənim şəklimlə brend kimi təqdim ediblər. Bütün hallarda bu məsələ məhkəməlikdir. Mən icazə verirəm, bu məsələ qaldırılsın".

Bu hadisə rəqəmsal dünyada şəxsi məlumatların və müəllif hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirir. Beynəlxalq platformaların yerli sənətçilərin imicindən kommersiya məqsədilə istifadə etməsi həm mənəvi, həm də maddi hüquqların kobud şəkildə pozulmasıdır. Bu cür hallara qarşı hüquqi müstəvidə mübarizə aparılması digər ictimai şəxslər üçün də bir nümunə təşkil edir.

Məsələ ilə bağlı “Temu” şirkətindən Demokrat.az-a bildirilib:

"Temu" platformasında görüntülərin və ya məzmunun hər hansı icazəsiz və ya qeyri-münasib istifadəsini qadağandır. Əqli mülkiyyət hüquqlarını qorumaq və çaşdırıcı məzmunun qarşısını almaq üçün müvafiq siyasətlər və icra prosesləri həyata keçiririk. Bu məsələdən xəbərdar olduqdan sonra, biz dərhal həmin elanı sildik və siyasətimizə uyğun olaraq bu növ halları izləməyə və aradan qaldırmağa davam edəcəyik".

Qeyd edək ki, hazırda aktrisanın vəkili beynəlxalq müəllif hüquqları çərçivəsində iddia qaldırmağa hazırlaşır.

Demokrat.az

Əməkdar artistin şəkli Temuya necə gedib çıxdı? — FOTO

NE
Nihadə Eyyubova