Azərbaycanın mədəniyyət ocaqlarında rəhbər təyinatları ilə bağlı rəsmi açıqlama verilib.
Demokrat.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında danışıb. Sektor müdiri yaxın günlərdə teatrların idarəetmə strukturunda ciddi yeniliklərin baş verəcəyini və vakant yerlərin doldurulacağını diqqətə çatdırıb.
Nazirlik rəsmisinin sözlərinə görə, struktur dəyişiklikləri artıq fevral ayının ilk günlərindən etibarən qüvvəyə minəcək və bu, teatrların gələcək fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq. O qeyd edib ki, müəyyən vəzifələrin adları və funksiyaları dəyişdirilsə də, bu, kütləvi ixtisarlar kimi başa düşülməməlidir. Xüsusilə yaradıcılıq prosesində çevikliyin artırılması üçün yeni iş mexanizmləri tətbiq ediləcək.
Böyükxanım Talıbova mövzu ilə bağlı deyib: “Artıq fevral ayının 2-dən struktur dəyişikliyi qüvvəyə minəcək. Boş olan yerlərə təyinatlar olacaq. Bir sıra vəzifələr dövlət teatrlarında digər vəzifələrlə əvəz olunub. İxtisar olunmayıb. Konkret bir tamaşa, heyət bir rejissorla çalışacaq. Hər bir rejissor kastinq əsasında heyət toplayıb tamaşa hazırlayırsa, burada baş rejisora ehtiyac olmayacaq”.
Teatrsevər vətəndaşlar üçün bu dəyişiklik ilk növbədə repertuarların zənginləşməsi və səhnədə daha maraqlı, rəngarəng tamaşaların görülməsi deməkdir. Direktor təyinatları idarəetmədəki ləngimələri aradan qaldıracaq, kastinq əsaslı yeni sistem isə aktyorların daha şəffaf seçilməsinə və nəticədə tamaşaçının daha keyfiyyətli sənət nümunəsi izləməsinə xidmət edəcək.
Qeyd edək ki, teatrlarda struktur dəyişikliyi prosesinə fevralın 2-dən start veriləcək.
Əfsanə Kamal Demokrat.az


