"Yaratmaq, düşünmək və ifadə etmək azadlığı mədəni inkişafın əsas şərtidir".
Demokrat.az xəbər verir ki, bu sözləri akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında deyib.
O bidlirib ki, bəzən sual yaranır ki, yazıçı və ya yaradıcı şəxs qanun qarşısında hansı hallarda və necə məsuliyyət daşıyır:
"Azərbaycanda bu məsələnin hüquqi mexanizmləri tam aydın və sistemli şəkildə formalaşmayıb. Hüquqi tənzimləmələrdə boşluqlar mövcuddur və bu da bəzən qeyri-müəyyənlik yaradır. Komissiya səviyyəsində müəyyən təkliflər irəli sürülür, lakin məsələ hələ də tam həllini tapmayıb. Qanunların hazırlanması prosesində mədəniyyətlə bağlı yanaşmalar üç əsas istiqamətdə cəmlənir. Birincisi, mədəniyyətin qorunmasıdır. İkincisi, mədəniyyət sahəsində məsuliyyət və hüquqların balanslaşdırılmasıdır. Üçüncüsü isə yaradıcılığın təşviqi və dəstəklənməsidir".
O deyib ki, mədəniyyət yalnız estetik və mənəvi sahə deyil, eyni zamanda iqtisadi və intellektual dəyər daşıyır:
"Peşəkar yaradıcı şəxslərin həm yaradıcılıq azadlığı, həm də şəxsiyyət hüquqları qorunmalıdır. Bu yanaşma müasir dövrün deyil, tarixi təcrübənin nəticəsidir. Sovet dövründə yaradıcı şəxslər müəyyən çərçivələr daxilində qorunurdu, lakin bu qoruma çox vaxt sərt nəzarətlə müşayiət olunurdu. Bu gün isə məqsəd yaradıcılığı inzibati nəzarət altında saxlamaq deyil, onu prodüserlik və peşəkar mexanizmlər vasitəsilə düzgün istiqamətləndirməkdir. Dövlət və cəmiyyət tərəfindən göstərilən dəstək maraqlı, şəffaf və ədalətli mexanizmlər üzərindən həyata keçirilməlidir".
Əfsanə Kamal Demokrat.az


