Cəmiyyət Özəl

Ali təhsildə inqilab: Bakalavr və magistr dərəcələri ləğv edilir? — AÇIQLAMA

Ali təhsildə inqilab: Bakalavr və magistr dərəcələri ləğv edilir? — AÇIQLAMA

Rusiyada ali təhsil sistemində radikal şəkildə dəyişiklik edilir. "Bakalavr" və "magistr" dərəcələri bu ilin sentyabr ayından etibarən ləğv ediləcək. Ali təhsil sistemi baza və ixtisaslaşmış ali təhsil sistemi ilə 2 hissəyə bölünəcək. Ölkəmizdə də təhsillə bağlı çoxsaylı dəyişiklik və təkmilləşdirmə işləri ilə bağlı qərarlar qəbul edilir. Bu sistemin Azərbaycanda tətbiq olunması mümkündürmü?

Təhsil eksperti Şəmsi Qoca Demokrat.az-ın sualına cavab olaraq bildirib ki, son illərin təcrübəsi göstərir ki, Azərbaycanda ali təhsil sistemi düzgün qurulmayıb:

"Boloniya sisteminə keçid prosesi uzun müddətdir davam edir, lakin bu proses hələ də tam başa çatdırılmayıb. Eyni zamanda iki pilləli ali təhsil sistemi də gözlənilən nəticəni verməyib. Məncə, Rusiyada qəbul olunan model daha optimaldır və onun Azərbaycanda tətbiqi də məqsədəuyğun ola bilər".

Ekspert deyib ki, Azərbaycanda bakalavr təhsilinin üç ilə, magistratura təhsilinin isə bir ilə endirilməsi ilə bağlı müzakirələr və təkliflər mövcuddur:

"Bu yanaşma Rusiyada olduğu kimi dərəcələrin ləğvi anlamına gəlmir, daha çox Böyük Britaniya və Finlandiya kimi ölkələrin təcrübəsinə əsaslanan optimallaşdırma kimi qiymətləndirilir. Problem ondadır ki, Boloniya sistemindən uzaqlaşma diplomların xaricdə tanınması məsələsində çətinliklər yarada bilər. Azərbaycan təhsilinin qlobal rəqabət qabiliyyətini qoruması üçün beynəlxalq dərəcələrin BSc və MSc saxlanılması vacib hesab olunur".

Onun sözlərinə görə, bəzi sahələrdə, xüsusilə mühəndislik və müəllimlik ixtisaslarında, dörd illik bakalavr təhsilinin kifayət etmədiyi fikri Rusiyada olduğu kimi Azərbaycanda da səsləndirilir:

"Lakin bu problem dərəcələri ləğv etmədən, proqramların məzmununun islahatı yolu ilə də həll oluna bilər. Azərbaycanın yaxın perspektivdə bakalavr və magistr dərəcələrini ləğv etməsi gözlənilmir. Bu baxımdan əsas diqqət təhsilin keyfiyyətinin artırılmasına və ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına yönəldilməlidir".

Ekspert deyib ki, hazırda ölkədə ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

"Bu sənəd ali təhsil sisteminin ləğvini deyil, mövcud dərəcələr çərçivəsində ixtisasların müasirləşdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa əsasən, bəzi ixtisaslar, o cümlədən tibb təhsili, artıq vahid sistem üzrə həyata keçirilir. Lakin ümumi ixtisaslar üçün Boloniya prosesinin tələbləri, xüsusilə diplomların qarşılıqlı tanınması amili, hazırda bakalavr və magistr bölünməsini daha məqsədəuyğun edir".

Əgər bu sistem Azərbaycanda tətbiq olunarsa, tələbələr artıq 4+2 illik (bakalavr və magistr) uzun təhsil marafonu yerinə, daha çevik və ixtisasa yönəlmiş sistemlə qarşılaşacaqlar. Bu, daha qısa müddətdə konkret peşə sahibi olmaq və əmək bazarına tez daxil olmaq deməkdir. Lakin digər tərəfdən, beynəlxalq dərəcələr ləğv edilərsə, Azərbaycanlı gənclərin xaricdə iş tapması və ya təhsilini davam etdirməsi diplomun tanınmaması səbəbindən çətinləşə bilər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova