Paytaxtın Nəsimi rayonunda avtomobildən küçəyə zibil atan sürücü polisə müqavimət göstərdiyi üçün həbs edilib.
Demokrat.azqafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsində qeydə alınıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları xidmət zamanı "Qazel" markalı maşının sürücüsünün zibili küçəyə atdığını aşkar ediblər. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq qaydanı pozduğunu izah etsələr də, 34 yaşlı K.Həsənli onlarla razılaşmayaraq səs-küy salıb və asayişi pozub.
Polisə tabe olmayan sürücü dərhal saxlanılaraq şöbəyə aparılıb və barəsində inzibati protokol hazırlanıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati həbs edilib. Bu hadisə bir daha göstərir ki, həm ekoloji qaydalara əməl etmək, həm də qanun keşikçilərinin qanuni tələblərini yerinə yetirmək hər bir vətəndaşın borcudur.
Demokrat.az


