Bir çox vətəndaş "myGov" portalına daxil olarkən illər öncə tətbiq edilən pandemiya cərimələrinin hələ də qüvvədə olduğunu görərək çaşqınlıq yaşayır.
Demokrat.az xəbər verir ki, bu məsələyə aydınlıq gətirən vəkil Babək Umudov açıqlamasında qanunvericiliyin tələblərini izah edib. Vəkil bildirib ki: "İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir".
Hüquqşünasın sözlərinə görə, bu müddət keçdikdən sonra dövlət həmin vəsaiti məcburi qaydada tələb edə bilməz, lakin burada vacib bir istisna mövcuddur. "Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbir görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənib, icra məmurunun çağırışlarından yayınıbsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir", - deyə ekspert xəbərdarlıq edib.
Əgər şəxs qanundan yayınmayıbsa və 5 illik müddət tamam olubsa, cərimənin sistemdən tamamilə təmizlənməsi üçün fərdi təşəbbüs göstərilməlidir. Vəkil çıxış yolunu belə izah edib: "Vətəndaş heç bir yayınma etməyibsə, cərimənin silinməsi üçün onu tətbiq edən orqana yazılı (elektron) qaydada müraciət edərək və müraciətində İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə istinad edərək, ona tətbiq olunmuş inzibati cərimənin silinməsini tələb edə bilər".
Bu məlumat xüsusilə üzərində aktiv borc göründüyü üçün bank və ya digər dövlət xidmətlərində çətinlik çəkən şəxslər üçün həyati əhəmiyyət daşıyır. Qanunvericilik vətəndaşa bu hüququ tanısa da, rəqəmsal sistemlərdə yenilənmənin texniki səbəblərdən gecikməsi rəsmi müraciəti zəruri edir.
Yəni, əgər sizin də "myGov" hesabınızda 2020-2021-ci illərə aid ödənilməmiş maska və ya karantin cəriməsi varsa, onun 5 illik icra müddətinin bitməsini gözləyə və ya artıq bitibsə, müvafiq polis idarəsinə elektron qaydada müraciət edərək borcun ləğvini tələb edə bilərsiniz. Bu, gələcəkdə kredit müraciətləri və ya ölkədən çıxış zamanı yarana biləcək süni maneələrin qarşısını almağa kömək edəcək. (Sfera)
Demokrat.az


