Kriminal Özəl

Arvadı ilə dovşan davası ona baha başa gəldi: Məhkəmədə qəribə cəza verildi — Hər gün 23:00-dan sonra

Arvadı ilə dovşan davası ona baha başa gəldi: Məhkəmədə qəribə cəza verildi — Hər gün 23:00-dan sonra

İsmayıllı rayonunda 45 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 18-də rayonun kəndlərindən birində baş verib. 1981-ci il təvəllüdlü Rafiq həmin gün saat 16:45-də yaşadığı evin həyətyanı sahəsində olan tövlədə arvadı Nazilə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək arvadının baş nahiyəsini tövlənin divarına bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Rafiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailəsi ilə birgə İsmayıllı rayonunun kəndində yaşayır, 2-ci qrup əlildir: “Nazilə ilə 2014-cü ildən rəsmi nikahda olmaqla birgə nigahdan 3 övladım var. Onunla aramızda mütəmadi olaraq ailə məişət zəminində mübahisələrimiz olub. Yanvarın 18-də, saat 17 radələrində oğlum Elvinlə birlikdə üç baş dovşanı kisənin içində yaşadığım evə gətirdim. Oğlum içində dovşanlar olan kisəni tövləyə apardı. Həmin vaxt arvadım inəkləri sağmaq üçün tövləyə getdi. İnəklər dovşanlardan hürkdüyü səbəbindən Nazilə inəkləri sağa bilməməsini əsas gətirdi və mənimlə mübahisə etməyə başladı. Naziləni sakitləşdirmək məqsədi ilə ona yaxınlaşdım. Bu zaman o, başını tövlənin divarına çırpdı. Daha sonra özünü yerə yıxdı, yerə yıxıldıqdan sonra başını yerə vuraraq özünə xəsarət yetirdi. Mən Naziləyə sakit olmağı, özünü ələ almağını bildirsəm də, o, sözlərimə məhəl qoymadı. Sonra tövlədən bayıra çıxdı və evi tərk edərək getdi. Sonradan bildim ki, Nazilə mənim tərəfimdən döyülməsi ilə bağlı polisə şikayət edib. Nazilə əvvəllər də dəfələrlə bu formada özünə xəsarətlər yetirib. Həmin gün baş verən mübahisə zamanı heç bir formada Naziləyə toxunmamışam, onu vurmamışam və döyməmişəm”.

İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, yanvarın 18-də, saat 16:45-də əri Rafiq yaşadığı evə bir neçə dovşan gətirib: “Oğlum dovşanlar olan torbanı götürərək tövləyə apardı. Mən də həmin vaxt inəkləri sağmaq üçün tövləyə getdim. Dovşanların səsindən inəkləri sağa bilmədim. Rafiqə dovşanları tövlədən çıxarmasını xahiş etdim. Amma o, sözümdən hirsləndi və saçımdan tutaraq başımı iki-üç dəfə tövlənin divarına vurdu. Bundan sonra məni tövlənin içərisində sürüməyə başladı. Həmin vaxt ağzımdan və burnumdan qan gəldi. Rafiqin əlindən çıxaraq küçəyə çıxdım. Oradan yol kənarına gəldim və tanımadığım avtomobillə birbaşa İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gəldim. Xəstəxananın qarşısında olarkən bacım Saraya zəng edərək xəstəxanada olduğumu bildirdim. Xəstəxanada müayinə olundum. Ərim tərəfindən döyülməyimi bildirdim. Bir müddət sonra xəstəxanaya polis əməkdaşları yaxınlaşdı və baş vermiş hadisə ilə bağlı müraciətimi qeydiyyata aldılar”.

Zərərçəkmiş bildirib ki, növbəti gün bacısı Sara xəstəxanaya gəlib: “Xəstəxanadan çıxaraq bacım ilə birgə atamın evinə getdim. Aldığım xəsarətlərlə bağlı ekspert müayinəsindən keçdin. Bu zaman məndə baş-beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı xəsarətləri müəyyən olundu. Baş vermiş hadisəni konkret olaraq görən şəxslər olmayıb.. Ötən müddət ərzində ərim mənimlə barışığa cəhd etməyib, döyülməyimdə özünü günahkar hesab etməyib”.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Rafiq 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı evi tərk etməsi, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməsi qadağan olunub.

Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova