Sosial Özəl

Distant təhsil ilk dəfə bu yerlərdə tətbiq ediləcək — Deputat AÇIQLADI

Distant təhsil ilk dəfə bu yerlərdə tətbiq ediləcək — Deputat AÇIQLADI

"Təhsil qanununda distant təhsil məsələsinə toxunulur, amma bu baza daha da zənginləşdirilməlidir. Bununla bağlı qanunda ayrıca müddəa nəzərdən keçirilməli, Elm və Təhsil Nazirliyində bununla məşğul olan xüsusi şöbə və mərkəz yaradılmalıdır. Gələcəkdə hətta distant təhsil universiteti açmaq da məqsədəuyğundur, çünki çoxlu gənclər xaricdə və müxtəlif yerlərdə bu formada təhsil alır".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, kənd məktəblərinin vəziyyəti kritikdir:

"Bir çox məktəbdə 2-3 şagird təhsil alır, amma direktor və işçilər olmalıdır, bunun üçün maliyyələşdirmə tələb olunur. Məktəblərin birləşdirilməsi və şagirdlərin daşıma yolu ilə təhsilə cəlb olunması bu problemi tam həll etmir, ona görə distant təhsil modelinə keçmək aktuallığını qoruyur".

Deputat bildirib ki, distant təhsil modelinə keçərkən kəndlərin boşalması, valideynlərin daşınma qərarları və sosial infrastruktura təsiri nəzərə alınmalıdır:

"Məktəb yalnız dərs deyil, həm də gənclərin sosiallaşmasına təsir göstərir, buna görə sosial fəaliyyəti təmin edən mexanizmlər düşünülməlidir. Texniki təminat, internet və kompüter infrastrukturunun mövcudluğu çox önəmlidir. Şagirdlərin kompüter, telefon və planşet vasitəsilə dərslərə qoşulması üçün infrastruktur tam təmin olunmalıdır ki, prosesin keyfiyyətinə mənfi təsir göstərməsin".

Onun sözlərinə görə, distant təhsil mərkəzləşdirilmiş şəkildə idarə olunmalıdır:

"Bölgələrdə onlayn siniflər və məktəblər yaradılaraq bütün şagirdlər bu prosesə qoşula bilər. Bu model Avropada da tətbiq olunur və davamlılıq, texniki imkanlar təmin olunduqda yüksək keyfiyyətli təhsil prosesi həyata keçirmək mümkündür".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova