Kriminal Özəl

Bərdədə əmiqızları arasında mülk davası cinayətlə nəticələndi

Bərdədə əmiqızları arasında mülk davası cinayətlə nəticələndi

Bərdə rayonunda iki əmiqızı arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 8-də Bərdə şəhəri, Babək küçəsində baş verib. 1988-ci il təvəllüdlü Sevil həmin gün saat 18 radələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində ögey əmisi qızı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib.

O, Südabənin həmin həyətyanı sahədə qurutmaq üçün yerləşdirdiyi otların onun tərəfindən yığışdırılmasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı saçından tutaraq yerə yıxıb, həmçinin yerdə isə yumruqla boyun, digər nahiyələrindən vurub.

Hadisəni törədən Sevilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, həyətdə olan çardağın içərisində onlar paltar asır, orada otururlar: “Südabə isə oraya ot gətirib yığmışdı. Mən həmin otları yığışdıraraq darvazanın yanında otların üstünə yığdım. Südabə axşam saatlarında anamdan otu niyə yığışdırmalarını soruşdu. Mən bu sözləri eşidərək pis oldum və ona otu mənim yığdığımı dedim. Südabə otları yığaraq əvvəlki yerinə qaytarmaq istədi. Bu zaman məni əxlaqsız sözlərdə təhqir etdi. Ona yaxınlaşaraq əxlaqsız olduğumu sübut etməsini bildirdim. Südabə elə bildi ki, onu vurmaq istəyirəm. Südabə mənim paltarımdan tutaraq boğazımı sıxdı. Mən də ilişərək yıxıldım. Yıxılan zaman saçım onun əlində olduğundan üstümə yıxıldı. Südabə də mənim saçımı tutaraq dartmışdı. Özümü müdafiə etmək məqsədi ilə onun sol qolunu dişlədim ki, məni buraxsın. O, isə məni buraxmadı. Sonra özüm onun saçını buraxaraq qaçdım. Südabə yıxılan zaman həmin xəsarətləri alıb, yerdə daş qaya olduğu üçün yıxılanda daşlar ona xəsarət yetirib. Onun əllərindəki xəsarətləri necə almasını bilmirəm”.

Sevilin məhkəmədə tədqiq olunan ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir. Onun sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. “Aprelin 8-də atam evinin həyətyanı sahəsində olmuşam. Südabə həyətdə olan otları yığaraq bizim paltar sərdiyimiz yerə topladı. Həmin günü otları yığaraq darvazanın qarşısına apardım. Həmin gün saat 18 radələrində Südabə anam Zeynəbi çağıraraq “mən yığdığım otları niyə dağıtmısınız” dedi, anamın üzərinə qışqırdı. Mən Südabəyə yaxınlaşaraq həmin otları mənim yığdığımı dedim. Həmin səbəbdən onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı Südabə əlləri ilə köynəyimdən tutduğu üçün mən də onun yaxasından yapışdım. Həmin vaxt mənim köynəyim cırıldığı üçün Südabə əlləri ilə saçımdan tutdu. Daha sonra mən də onun saçından tutdum. Hər ikimiz yerə yıxıldıq. Yerdə olan zaman onun qol nahiyyəsindən dişlədim. Bu zaman anam yanıma gələrək mobil telefonu ilə çəkiliş etdi. Yerdə olan zaman Südabə təpiklə bir neçə dəfə qarın nahiyyəmdən vurdu. Bundan sonra hər ikimiz ayağa qalxdıq”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, onun Südabə ilə düşmənçiliyi yoxdur, sadəcə atası Əliflə Südabənin arasında mülki mübahisə olub: “Mən Südabənin saçından tutmuşam və onu dişləmişəm. Lakin onu vurmamışam. Mən özüm də hadisə zamanı xəsarət almışam”.

İş üzrə zərərçəkmiş Südabənin sözlərinə görə, təqsirləndirilən Sevil onun ögey əmisi qızıdır: “Mən Sevil ilə eyni həyətdə yaşayıram. Ancaq ayrı-ayrı mənzillərimiz var. Sevil həmin mənzildə valideynləri ilə birlikdə yaşayır. Mənim uzun müddətdir ki, Sevilin atası Əliflə mülki mübahisəm var. Həmin ünvanda yerləyən yaşayış sahəsi və torpaq sahəsi çıxarışla mənə aiddir. Bu barədə Bərdə Rayon Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə mənim xeyrimə qətnamə qəbul edib. Mən həmin qətnamələr əsasında Əlif və ailə üzvlərinin evdən çıxarılması üçün Bərdə Rayon Məhkəməsinə müraciət etmişəm. Hazırda Bərdə Rayon Məhkəməsində bu barədə mülki proses aparılır”.

Zərərçəkmiş şəxs qeyd edib ki, aprelin 8-də, saat 18:00-dan sonra evin həyətyanı sahəsinə quruması üçün qoyduğu otların götürüldüyünü görüb: “Bu barədə Sevildən soruşdum. O, həmin otları götürdüyünü söylədi. Mən mübahisə etmək istəmədiyim üçün oradan uzaqlaşdım. Biraz sonra Sevil mənə yaxınlaşaraq “nə istəyirsən, biz heç hara gedən deyilik” deyərək, əlləri ilə boğaz nahiyyəmdən tutdu və sıxmağa başladı. Mən özümü müdafiə etmək üçün onun saçlarından tutdum. Bu zaman Sevil məni köməkçi tikilinin divarına vuraraq yerə yıxdı. Yerdə olan zaman Sevil əlləri ilə baş nahiyyəmdən tutaraq başımı yerə vurdu, sağ qolumu dişlədi. Həmçinin yumruqla bədənimin müxtəlif nahiyyələrinə vurdu”.

Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevil 1500 manat məbləğində cərimə olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova