Gündəm Özəl

Şadlıq saraylarında TƏHLÜKƏ: Bu vasitələr yanğına səbəb olur

Şadlıq saraylarında TƏHLÜKƏ: Bu vasitələr yanğına səbəb olur

"Şadlıq sarayları, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində müvafiq işlər mütləq peşəkar şirkətlər və ixtisaslaşmış işçi heyəti tərəfindən həyata keçirilməlidir. Məsələn, taxtadan hazırlanan dekorasiyalarda yanma riski varsa, taxtalara və digər ağac elementlərinə xüsusi yanmağa qarşı maye tətbiq edilməli, səth qorunmalıdır. Bu tədbirlər işıqlandırma sistemləri və digər elementlər üçün də eyni qaydada nəzərdə tutulmalıdır".

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O, bildirib ki, obyektin metal konstruksiyaları, işıqlandırma və taxta elementləri daxil olmaqla bütün qurğularının təhlükəsizliyi həmin obyektin rəhbərliyinin öhdəsinə düşür:

"İşçilərin təhlükəsizliyi və əylənmək, istirahət etmək üçün gələn vətəndaşların qorunması da rəhbərlik tərəfindən təmin edilməlidir. Yanğın təhlükəsinə qarşı müvafiq tədbirlər mütəmadi şəkildə aparılmalıdır. Buna hər il ən azı bir dəfə naqillərin və digər sistemlərin sınaqdan keçirilməsi, yanğın mühafizəsi təlimləri və toplantılar daxildir. Əgər obyektin yanğın su hovuzu varsa, nasoslar altı ayda bir yoxlanılmalı, işlək olmayan yanğın və tüstü detektorları isə dərhal dəyişdirilməlidir".

Ekspert bildirib ki, belə tədbirlər həm işçilərin, həm də obyektə gələn vətəndaşların təhlükəsizliyini təmin edir və yanğın riskini minimuma endirir.

Qeyd edək ki, “Firuzə” şadlıq sarayında toy məclisi zamanı yanğın baş verib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova