Gündəm Özəl

Bakıdan torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bunlara DİQQƏT ETMƏLİSİNİZ

Bakıdan torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bunlara DİQQƏT ETMƏLİSİNİZ

"Torpaq sahələrinin qiymətinin artmasının birinci və əsas səbəbi təbii amildir. Əhalinin sayı artır, amma torpaq sahəsi dəyişmir və azalır. Torpaq digər daşınmaz əmlak növlərindən fərqli olaraq süni şəkildə artırıla bilmir. Məsələn, köhnə, beşmərtəbəli binanı söküb yerində iyirmimərtəbəli bina tikmək mümkündür və bununla həmin ərazidə mənzillərin sayı artır. Amma torpaq belə deyil, onu genişləndirmək mümkün deyil. Bu səbəbdən torpaq sahələri zaman keçdikcə bahalaşır və tarixdə elə bir dövr olmayıb ki, torpaq əvvəlki illə müqayisədə ucuzlaşsın".

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O, bildirib ki, digər əsas amil şəhərlərin böyüməsi və infrastrukturun inkişafıdır:

"Xüsusilə Bakı şəhərinin 2040 Baş Planına uyğun aparılan abadlıq işləri, yeni yolların, komplekslərin və kommunikasiya xətlərinin çəkilməsi torpaq sahələrinin qiymətinə birbaşa təsir edir. Yeni infrastruktur layihələri ərazidən keçdikcə həmin torpaqlar daha da dəyər qazanır".

Ekspert bildirib ki, üçüncü amil daşınmaz əmlaka olan investisiya marağının artmasıdır:

"Daşınmaz əmlak bir çox hallarda ən etibarlı investisiya vasitəsi kimi qəbul olunur. Bu maraq yalnız mənzillərin deyil, torpaq sahələrinin də qiymətinin yüksəlməsinə səbəb olur. Digər amil isə ümumi bahalaşma prosesidir. Yanacağın, enerjinin, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması, eləcə də manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər torpaq sahələrinin də bahalaşmasına gətirib çıxarır".

Onun sözlərinə görə, bu amillərin hər biri birlikdə torpaq qiymətlərinin artmasını şərtləndirir:

"Torpaq sahələrinin bahalaşması alıcıların qərarlarına da ciddi təsir göstərir. Qiymətlər yüksəldikcə insanlar alternativlər axtarmağa başlayırlar, ya daha ucuz ərazilərə yönəlirlər, ya da investisiya məqsədilə daha sərfəli variantlar tapmağa çalışırlar. Bəziləri mərkəzdən kənar, nisbətən ucuz zonalara üz tutur. Lakin bu prosesdə tez-tez səhv qərarlar da verilir. Maariflənmənin kifayət qədər olmaması səbəbindən sənədlərində problem olan, təyinatı düzgün göstərilməyən və ya üzərində tikinti aparılmasına icazə verilməyən torpaq sahələri alınır. Məsələn, yaşayış evi tikmək üçün əkin təyinatlı torpaqların alınması sonradan ciddi hüquqi problemlərə yol aça bilir".

İqtisadçı bildirib ki, buna baxmayaraq, torpaq almaq qərarı verən vətəndaş adətən bu niyyətindən dönmür, ya riskli seçim edir, ya da daha ucuz və daha əlverişli bir ərazi tapmağa çalışır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova