Gündəm Özəl

Yanvarın 8-i dağıdıcı ZƏLZƏLƏ OLACAQ: Ekstrasenslərin proqnozu doğrudur?

Yanvarın 8-i dağıdıcı ZƏLZƏLƏ OLACAQ: Ekstrasenslərin proqnozu doğrudur?

"Ekstrasenslərin yanvarın 8-i dağıntlılı zəlzələ olacağı ilə bağlı deyilənləri eşitmişəm və açığı, bu yanaşmalar çox gülüncdür. Ümid edirəm ki, belə iddialar ölkə sərhədlərindən kənara çıxmaz. Çünki avropalılar və ya yaponlar bunu eşitsələr, bizi ciddi elmi yanaşmadan uzaq, orta əsr falçıları səviyyəsində qiymətləndirərlər".

Bunu Demokrat.az-a açıqlamasında tədqiqatçı Ənvər Əliyev deyib.

O, bildirib ki, zəlzələ məsələsində elmi baxımdan yalnız zonallıqdan danışmaq olar:

"Məsələn, Alp–Himalay zəlzələ qurşağı, eləcə də Sakit Okeanın qərb və şərq hissələri seysmik zonalara daxildir və bu ərazilərdə zəlzələlərin baş vermə ehtimalı var. Amma zəlzələnin dəqiq vaxtını, saatını, gününü və ya ilini əvvəlcədən demək mümkün deyil. Bu, elmə ziddir və yanlış yanaşmadır".

Tədqiqatçı bildirib ki, əgər kimsə iddia edirsə ki, “sabah saat 08:10-da filan yerdə zəlzələ olacaq”, bu tamamilə əsassızdır:

"Elm bu günə qədər belə bir proqnoz imkanı yaratmayıb. Bəli, bəzi heyvanların zəlzələdən əvvəl qeyri-adi davranışlar göstərməsi mümkündür, bu onların təbii instinktləri ilə bağlıdır. Lakin insanın, istər alim olsun, istər adi vətəndaş, zəlzələnin dəqiq vaxtını öncədən bilməsi mümkün deyil. Yer kürəsi hələ də insan üçün çoxlu sirrlər saxlayır. Hətta ən müasir texnologiyalar belə zəlzələ baş verəcəyini 1 dəqiqə əvvəldən belə bildirə bilməz, bu mümkün deyil".

Onun sözlərinə görə, bu səbəbdən “zəlzələ olacaq” tipli paylaşımlar elmi deyil, falçılıqdır və cəmiyyətdə süni qorxu yaratmağa xidmət edir:

"Belə məlumatları yaymaq düzgün deyil və məsuliyyətsizlikdir. Bir daha vurğulayıram, zəlzələnin dəqiq vaxtını və yerini əvvəlcədən demək mümkün deyil. Yalnız seysmik qurşaqlar barədə ehtimalla danışmaq olar".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova