"Ölkədə gedən müzakirələr, təbii inhisarçıların açıqlamaları, maya dəyərinin yüksək olması və xərclərin qarşılanmaması ilə bağlı bəyanatlar onu göstərir ki, gələcəkdə, xüsusən növbəti illərdə, kommunal xidmətlərdə bahalaşma davam edə bilər".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, kommunal xidmətlərin qiymətinin artması təkcə sosial problem yaratmır, eyni zamanda iqtisadi təsirləri də müşahidə olunur:
"Qiymətlər yüksəldikdə, bu həm əhali, həm də biznes üçün əlavə xərclər deməkdir. Biznes sahəsində xərclərin artması isə xidmət və istehsal sahələrində qiymətlərin yüksəlməsinə səbəb olur və nəticədə inflyasiyanı sürətləndirir".
Ekspert bildirib ki, kommunal xidmətlərin və yanacağın qiymətində artım digər sahələrə multiplikativ effekt göstərir və inflyasiyanın yüksəlməsini sürətləndirir:
"Bu, iqtisadi nəzəriyyədə geniş şəkildə təsdiqlənmiş bir yanaşmadır. Hökumət əgər qiymətləri artırmağı planlaşdırırsa, inflyasiyanın sürətlənməsinə də hazır olmalıdır".
Əfsanə Kamal Demokrat.az


