Qax rayonunda 22 yaşlı oğlan kafedə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 19 iyul 2025-ci ildə, Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən “Qala” kafesinin həyətində baş verib.
2003-cü il təvəllüdlü Musa həmin gün saat 23:00-da tanışı Qax şəhər sakini Nadir ilə ona söyüş söyməsi üstündə aralarında baş vermiş mübahisə zamanı onun baş, sifət və sol qol nahiyələrinə bir neçə dəfə yumruqla vurub.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 19-da, saat 23:00-da “Qala” kafesində çay içmək üçün dostu Vüsal ilə oturub: “Kafedə oturan zaman Nadir və Nurlan kafeyə gəldi. Bizimlə salamlaşaraq yanımızda dayandılar. Bu zaman Nadir mənimlə söhbət etdi. Nadirdən necə olduğunu soruşanda o aqressiv cavab verdi. Bu zaman aramızda sözlə mübahisə baş verdi. Vüsal mübahisənin böyüməməsi üçün Nadirə və Nurlana tərk etmələrini dedi. Özüm və Vüsal kafenin həyətinə çıxdıq. Nurlan və Nadir də bizim arxamızca çölə çıxdı. Həmin vaxtı Vüsalın telefonda zəng gəldi və o, kafedən getdi. Nadir mənimlə mübahisə etməyə başladı. Nadirlə aramızda olan mübahisə davaya çevrildi. Nadir mənə söyüş söydü. Əsəbləşdiyimdən onun baş və sifət və sol qol nahiyələrindən bir neçə dəfə yumruqla vurdum. Bundan sonra Nadirin yanında olan dostu Nurlan məni kafedən çıxartdı”.
Qax Rayon Məhkəməsinin hökmü ilə Musa 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməsi, yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı evini tərk etməsi, həmçinin Qax rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Hökmdə qeyd olunub ki, təqsirli bilinən şəxs bu müddət ərzində elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. Bundan əlavə, onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli Demokrat.az


