Ağsu rayonunda tanışlar arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2 iyul 2025-ci ildə Ağsu şəhəri, Vidadi küçəsində baş verib. 2004-cü il təvəllüdlü Vüsal həmin gün saat 21:30-da yaşayış sahəsinin həyətində tanışı Nəsimin (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisə zamanı Vüsal başı ilə tanışının sifət-burun nahiyyəsinə bir dəfə vurmaqla, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


