Bakının Nizami rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Əhməd əvvəllər münasibətlərinin pisləşməsi ilə əlaqədar ondan küsərək valideynlərinin evinə getmiş arvadı Zahidənin (adlar şərtidir – red.) yaşadıqları evə qayıtmasını bildirib.
Daha sonra arvadının ona nalayiq ifadə işlədərək yaşadığı valideynlərinin mənzilini tərk etməsini bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində mübahisə baş verib.
Mübahisə zamanı o, qəsdən əli ilə bir dəfə qadının sol sifət nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, əməlindən peşman olduğunu deyib.
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


