“Bayram günləri ərəfəsində ətə tələbatın artması bazar üçün tamamilə gözlənilən haldır. Tələbatın qısamüddətli yüksəlməsi, adətən, qiymətlər üzərində müəyyən təzyiq yaradır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov deyib.
Ekspert bildirib ki, xüsusilə təklif sabit qaldığı və ya logistika problemləri yaşandığı hallarda bahalaşma ehtimalı artır:
“Lakin qiymət artımı yalnız tələbatla deyil, eyni zamanda bazara çıxarılan ətin həcmi, idxal imkanları və dövlət nəzarəti ilə də sıx bağlıdır. Əgər istehsalçılar və satıcılar bayram öncəsi bazara kifayət qədər məhsul çıxararsa, qiymətlərdə kəskin artım müşahidə olunmaya bilər. Azərbaycanda ət bazarında mövsümi dalğalanmalar olsa da, bu artımlar adətən uzunmüddətli xarakter daşımır. Dövlət qurumlarının qiymət monitorinqi və süni bahalaşmaya qarşı nəzarəti də mühüm rol oynayır. Bununla yanaşı, yem qiymətləri və saxlanma xərcləri də satış qiymətinə təsir edən amillər sırasındadır. Bayram günlərində bəzi hallarda psixoloji faktorlar da işə düşür və satıcılar bunu fürsətə çevirməyə çalışırlar. Bayram günlərində ətə tələbatın artması fonunda mal və quzu ətinin kiloqram qiymətinin təxminən 20–25 manat aralığında olması ehtimal olunur”.
Leyla Turan Demokrat.az


