“Elektron siqaretlər ilk olaraq adi tütün məmulatlarına alternativ kimi yaradılmışdı. Düşünülürdü ki, bu məhsullar orqanizmə daha az ziyanlıdır və tədricən insanlara tütündən imtina etməyə kömək edə bilər. Lakin zaman göstərdi ki, elektron siqaretlər də az təhlükəli deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, elektron siqaretlərdən uzun müddət istifadə etmək xroniki bronxit kimi tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər:
“Bundan əlavə, bu siqaretlər də güclü asılılıq yaradır və onlardan qurtulmaq heç də asan deyil. Hazırda Çində və digər ölkələrdə elektron siqaretlər xüsusilə gənclər arasında sürətlə populyarlaşır. Bu isə siqaret çəkməyən, lakin maraq və ya təqlid məqsədilə bu cihazlara üz tutan gənclərin nikotinə asılı hala gəlməsi ilə nəticələnir.
Dünya təcrübəsi göstərir ki, elektron siqaretlərin qadağan olunması bu problemin qarşısını almaqda ən təsirli üsullardan biridir. Azərbaycan da bu beynəlxalq təcrübəni nəzərə alaraq bu istiqamətdə addımlar atır. Lakin bu yalnız qanunvericilik səviyyəsində məhdudiyyətlərlə kifayətlənməməlidir”.
Onun sözlərinə görə, cəmiyyətə geniş şəkildə maarifləndirici və təbliğat xarakterli kampaniyalar keçirilməlidir:
“Televiziya verilişlərində, filmlərdə siqaret çəkilən səhnələr azaldılmalı və siqaretin "normal" kimi təqdim olunmasına son qoyulmalıdır. Cəmiyyətdə nüfuzlu şəxslər, ictimai xadimlər sağlam həyat tərzini təbliğ etməli, gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşviq etməlidirlər. Qanunla edilən dəyişikliklər bu zərərli vərdişin yayılmasının qarşısını almaqda mühüm addım ola bilər”.
Leyla Turan Demokrat.az


