Biləsuvar rayonunda 23 yaşlı oğlan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2025-ci ilin avqustun 11-də Biləsuvar rayonunun kəndində baş verib. 2002-ci il təvəllüdlü Şahin həmin gün saat 23:00-da faktiki nikah münasibətlərində olduğu arvadı Elmira (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evində qısqanclıq zəminində mübahisə edib.
Şahin Elmira ilə evli olduğu halda evə ikinci qadın gətirməsi və Elmiranın buna irad bildirməsi səbəbindən mübahisələri böyüyüb. Aralarında yaranmış mübahisə zamanı ər arvadının sifət və bədənin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır:
“Elmira ilə 3 ildir ki, evliyik. Bir ilə yaxındır ki, ikinci qadını özümə həyat yoldaşım kimi gətirmişəm. Həmin qadınla Elmiranın münasibətləri normal olub. Elmira ilə sonuncu dəfə avqustun 11-də axşam saatlarında ailə münaqişəsi zəminində mübahisələrimiz düşdü. Zərərçəkmiş şəxsin sifətinə şillə vurdum, bədəninə xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, əri Şahinlə olan münasibətindən iki oğlan övladları var:
“Bundan əlavə mənimlə evli ola-ola Zümrüd adlı xanımı da özünə arvad olaraq yaşadığımız evə gətirdi. Mən bunu özümə təhqir bildiyimdən narazıçılıq etdim. Şahin isə cavabında buna məcbur dözməli olduğumu bildirdi. Bu səbəbdən aramızda tez-tez mübahisələr olub. Sonuncu dəfə avqustun 11-də, saat 23 radələrində Şahinin Zümrüd ilə aramızda olan münasibətlərinə görə qısqanclıq zəminində mübahisələrimiz olub. Mübahisə zamanı Şahin əvvəlcə başıma, sonra isə qoluma yumruq və sillə zərbələri ilə vurdu”.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Şahin 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


