Gündəm Özəl

Qanunvericiliyin əsas məqsədi cəzalandırmaq deyil, uşaqların hüquqlarını qorumaqdır — Hüquqşünas

Qanunvericiliyin əsas məqsədi cəzalandırmaq deyil, uşaqların hüquqlarını qorumaqdır — Hüquqşünas

“Erkən nikah Azərbaycan qanunvericiliyinə görə ciddi hüquq pozuntusu hesab olunur. Ailə Məcəlləsinə əsasən, nikah yaşı istisnasız olaraq 18 yaş müəyyən edilib”.

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Aysel Süleymanova deyib.

O bildirib ki, bu yaşdan aşağı şəxsin nikaha cəlb edilməsi qanunla qadağandır və məsuliyyət yaradır:

“Erkən nikahın təşkilində və ya ona şərait yaradan valideynlər, habelə toy və digər mərasimləri keçirən obyekt sahibləri inzibati məsuliyyətə cəlb oluna bilərlər. Əgər bu hallar ağır nəticələrə səbəb olarsa və ya təkrar baş verərsə, artıq cinayət məsuliyyəti də gündəmə gəlir. Bu baxımdan 3 valideynin cinayət məsuliyyətinə cəlb olunması qanunun sərtləşdirildiyini göstərir. Qanunvericiliyin əsas məqsədi cəzalandırmaq deyil, uşaqların hüquqlarını qorumaqdır. Erkən nikah uşaqların təhsil, sağlamlıq və normal inkişaf hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Ona görə də həm valideynlər, həm də ictimai iaşə obyektlərinin sahibləri bu məsuliyyəti dərk etməli və qanunun tələblərinə ciddi əməl etməlidirlər”.

Hüquqşünasın sözlərinə görə, cari ilin 11 ayında 40-dan çox valideyn və obyekt sahibinin inzibati cəzaya cəlb olunması nəzarətin gücləndirildiyini göstərir:

“Əgər erkən nikah məcburetmə ilə baş verərsə və ya ağır nəticələrə səbəb olarsa, valideynləri cərimə, ictimai işlər və hətta azadlığın məhdudlaşdırılması kimi cəzalar gözləyə bilər. Valideynlər erkən nikaha görə cərimə, ictimai işlər və bəzi hallarda azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum edilmə cəzası ala bilərlər. Bu, pozuntunun ağırlığından və nəticələrindən asılıdır. Cinayət xarakteri daşıyan hallarda məsuliyyət daha sərtdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova