"Bitkoin artıq dünya iqtisadiyyatında praktik istifadəyə keçməyə başlayıb. Bir sıra ölkələr onu həm investisiya aləti kimi, həm də dövlət borclarının ödənilməsi və tənzimlənməsi istiqamətində sınaqdan keçirib. Bəzi yerlərdə gündəlik ödəniş vasitəsi kimi tətbiq edilsə də, texniki və institusional problemlər hələ də qalmaqdadır".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
O, bildirib ki, Azərbaycan üçün bu sahədə hüquqi müstəvi tam formalaşmayıb, yəni aydın çərçivələr mövcud deyil:
"Doğrudur, insanlar bitkoin alqı-satqısı ilə məşğuldur, lakin risklər yüksəkdir və bu risklərə qarşı qoruyucu mexanizmlər zəifdir. Məhz buna görə kriptovalyutaların gündəlik ödəniş vasitəsi kimi istifadəsi riskli hesab olunur".
Ekspert bildirib ki, buna baxmayaraq, bitkoin sırf investisiya aləti kimi müəyyən maraq doğura bilər:
"Lakin burada da həm satıcı, həm də alıcı üçün qiymət dəyişkənliyi ciddi risk yaradır. Bu gün əldə olunan gəlir sabah dəyərini itirə, yaxud əksinə, alıcı baha qiymətə aldığı aktivin dəyərinin qısa müddətdə düşdüyü ilə üzləşə bilər. Əməliyyat xərcləri də sabit deyil, pik vaxtlarda komissiyalar artır, daha sakit dövrlərdə isə azalır. Bu baxımdan, hüquqi və texniki məsələlər həll edildikdən sonra blokçeyn texnologiyalarının və kriptovalyutaların daha geniş istifadəsi mümkün ola bilər".
Əfsanə Kamal Demokrat.az


