Nizami rayonu Bəkir Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dekabrın 12-si 00:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, B.Çobanzadə küçəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Döş qəfəsinin və çanağın küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.


