“Xroniki xəstəliklərin dərmanları ucuzlaşsa, xəstələr müalicəni yarımçıq qoymadan davam etdirə bilər”.
Bu fikirləri həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, xəstəliklərin ağırlaşmasının qarşısı alınar:
“Təzyiq, şəkər və xolesterin dərmanları ailə büdcəsinə ciddi yük yaradır. Ona görə bu dərmanlar ilk növbədə ucuzlaşmalıdır. Astma və KOAH xəstələrinin istifadə etdiyi inhalyatorlar ucuz olarsa, onların gündəlik həyatı asanlaşar. Tənəffüs problemləri daha rahat idarə edilə bilər. Uşaqlar üçün dərmanlar ucuz olarsa, valideynlərin xərcləri azalır. Müalicə daha rahat və davamlı olar. İbuprofen, parasetamol, D vitamini və dəmir damcılarının qiyməti düşsə, uşaq xəstəlikləri vaxtında və düzgün müalicə olunar. Hamilə qadınların istifadə etdiyi vitamin və dəmir preparatları ucuz olsa, ana və döl sağlamlığı yaxşılaşar”.
Həkim vurğulayıb ki, bu zaman sağlamlıq riskləri azalır:
Bahalı antibiotiklər müalicənin gecikməsinə səbəb olur. Bu isə xəstəliklərin ağırlaşmasına gətirib çıxarır. Allergiya dərmanları ucuz olarsa, mövsümi xəstəliklər daha asan idarə edilə bilər. Burun spreyləri və antihistaminlər ucuzlaşsa, insanlar dərman seçərkən tərəddüd etməz. Müalicə daha səmərəli olar. Uzunmüddətli istifadə tələb edən və həyati əhəmiyyət daşıyan dərmanların ucuzlaşması əhalinin sağlamlığına müsbət təsir göstərir. Bu, səhiyyə xərclərinin daha optimal idarə olunmasına şərait yaradır”.
Leyla Turan Demokrat.az


