Sosial Özəl

13 yaşlı məktəblinin müəmmalı ölümü: Günahkar kimdir?

13 yaşlı məktəblinin müəmmalı ölümü: Günahkar kimdir?

"Son zamanlar gənclər və yeniyetmələr arasında təhlükəli və ekstremal xarakterli oyunların yayılması artıb. Əvvəllər bu oyunlar əsasən klublarda və müxtəlif əyləncə mərkəzlərində keçirilirdisə, indi mobil telefonlar və internetin sürətlənməsi bu prosesi daha əlçatan edib. Beləliklə, yeniyetmələr artıq çox erkən yaşlarda bu oyunlara qoşulurlar".

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Onun sözlərinə görə, bu oyunlar əyləncəli və ya təhsil xarakterli oyunlara deyil, daha çox qorxulu və şiddətə sövq edən məzmunlara üstünlük verirlər:

"Əvvəllər gənclərin ekstremal şəraitlərə marağı mövcud idisə, məsələn, hündürdən atılmaq və ya təhlükəli idman növləri ilə məşğul olmaq, indi bu maraq texnologiyanın inkişafı sayəsində mobil cihazlar vasitəsilə daha çox təşviq olunur. Valideynlərin rolu burada xüsusi əhəmiyyət daşıyır. Uşaqlara erkən yaşda müasir smartfonlar vermək əvəzinə, sadə telefonlardan istifadə etmələrinə icazə verilməli, onların onlayn fəaliyyətinə nəzarət edilməlidir. Valideynlər bilməlidirlər ki, uşaqlar hansı oyunlarla məşğul olur, hansı qruplara qoşulur və kimlərlə dostluq edir".

Sosioloq qeyd edir ki, bəzən yeniyetmələr təhlükəli oyunlar və onlayn “dostlar” vasitəsilə öz həyatlarını kənara çəkirlər, ailədən və real sosial mühitdən uzaqlaşırlar:

"Hətta bəzən süni intellektin imkanlarından istifadə edən oyunlar onların beyninə təsir edir və onlar virtual məzmunun təsiri altında real həyatda öz davranışlarını itirirlər".

Onun sözlərinə görə, buna qarşı tədbir olaraq məktəblərdə və ailədə davamlı marifləndirmə və təlimatların aparılması, uşaqların təhlükəli oyunlardan qorunması vacibdir:

"Valideynlərin diqqətli nəzarəti və maarifləndirmə bu tendensiyanın mənfi təsirlərini minimuma endirə bilər".

Qeyd edək ki, 13 yaşlı məktəblinin müəmmalı ölümü və telefonunda aşkar edilən “qorxulu video və şəkillər” müzakirələrə səbəb olub.

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az